Bakı Mühəndislik Universiteti (BMU) tələbələrinin layihələri “Rebuild Karabakh” hakatonunda uğur qazanıb.
BMU ilə Koreya (Cənubi) Respublikasının İNHA Universiteti arasında icra edilən ikili diplom proqramının “Elektronika mühəndisliyi” ixtisasının 3-cü kurs tələbəsi Hakim Musazadə “Rebuild Karabakh” hakatonunda I yerin qalibi olub. Hakim Musazadənin iştirakı ilə formalaşmış “LankonFarm” layihəsi fermerlərlə alıcıları birləşdirən innovativ platformadır. Platforma təkcə onlayn satış, eləcə də əlaqə sistemini deyil, həm də məhsulların keyfiyyətini qorumaq məqsədilə ağıllı soyuducu sistemi üzərində işlənən prototipi əhatə edir. Bu texnoloji yenilik kənd təsərrüfatı məhsullarının daha effektiv şəkildə bazara çatdırılmasına imkan yaradır.
Müsabiqədə BMU tələbələrinin digər layihəsi də qaliblər sırasında yer alıb. “Kimya mühəndisliyi” ixtisasının tələbələri Məhəmmədəli Ayralov (CEO/Founder), Reyhanə Mahmudova (UX-UI designer), həmçinin “İnşaat mühəndisliyi” ixtisasının tələbəsi Pəri Musayevadan (3D Designer) ibarət komanda “Blueroot-Ağıllı kənd təsərrüfatı layihələri üçün problem- solution applikasiyası” ilə II yerin qalibi olub. Layihə fermerlərin suallarına cavab verməyi, yeni texnologiyaların tətbiqini təşviq etməyi və Qarabağ bölgəsində “Ağıllı kənd təsərrüfatı”nın inkişafını sürətləndirməyi hədəfləyir.
Hər iki layihə Dünya Şəhərlər Forumunda (World Urbanization Forum-WUF) nümayiş olunacaq innovativ təşəbbüslər kimi müəyyən edilib.
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Qarabağın Tərəqqisi Naminə” İctimai Birliyi tərəfindən həyata keçirilən “Ağıllı Şəhər, Yaşıl Gələcək: WUF2026-a doğru” layihəsi çərçivəsində təşkil olunan hakatonun əsas məqsədi Qarabağın yenidən qurulması prosesinə gəncləri, mütəxəssisləri və innovativ ideyaları cəlb etmək, regionun dayanıqlı inkişafına töhfə vermək olub.
İctimaiyyətlə əlaqələr şöbəsi