SOCAR və onun Cənubi Qafqaz Boru Kəməri (CQBK) şirkətindəki tərəfdaşları ilə “British Council” arasında “SABAH Magistratura qruplarında təhsil alan tələbələrin ingilis dili bacarıqlarının təkmilləşdirilməsi” layihəsinin maliyyələşdirilməsinə dair imzalanma mərasimi keçirilib.
Sənədi “SOCAR Midstream” şirkətinin icraçı direktoru Fuad Əhmədov və “British Council”un Azərbaycan üzrə direktoru Frensis Qardener-Trexo imzalayıblar.
Tədbirdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev, Azərbaycan Respublikasının təhsil naziri Emin Əmrullayev, Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp, Bakı Mühəndislik Universitetinin (BMU) rektoru, professor Havar Məmmədov, SABAH magistratura layihəsi üzrə “Kiber təhlükəsizlik” ixtisasının proqram rəhbəri t.e.f.d. Günay Əbdiyeva-Əliyeva, həmçinin layihəyə qoşulan digər universitetlərin rektorları və proqram rəhbərləri iştirak ediblər.
“British Council” tərəfindən həyata keçiriləcək (2021-ci ilin oktyabr ayından başlayaraq 2022-ci ilin iyul ayına kimi) 10 aylıq layihə çərçivəsində 7 universitetin SABAH Magistratura qruplarında təhsil alan 372 tələbə 150 akademik saat müddətində ingilis dili biliklərini inkişaf etdirəcəklər. Layihənin məqsədi Azərbaycanda təhsilin keyfiyyətini davamlı olaraq daha da yüksəltmək, istedadlı magistratura tələbələrinin müasir elmi ədəbiyyata birbaşa çıxışına nail olmaqdır.
Sənədə uyğun olaraq, SABAH layihəsi üzrə BMU-nun “Kiber təhlükəsizlik” ixtisasının magistrantları da SOCAR-ın dəstəyi ilə British Council tərəfindən ingilis dili səviyyələri üzrə təlimə qoşulacaq.
İctimaiyyətlə əlaqələr şöbəsi