BMU-nun rektoru imtahanların gedişini izləyib

10 Yanvar 2022
BMU-nun rektoru imtahanların gedişini izləyib

Bakı Mühəndislik Universitetinin (BMU) rektoru, professor Havar Məmmədov ali təhsil ocağında davam edən payız semestrinin qış imtahan sessiyasının gedişini izləyib.

Havar Məmmədov imtahan suallarına baxış keçirərək tələbələrlə söhbətləşib, fikirlərini dinləyib və onlara uğurlar arzulayıb. Tələbələrin biliyinin obyektiv və qərəzsiz qiymətləndiriləcəyinə əminliyini vurğulayan rektor imtahanların mövcud pandemiya qaydalarına uyğun olaraq təşkil edildiyini diqqətə çatdırıb.

 

Havar Məmmədov imtahan sessiyasının gedişinə nəzarət etmək, daxil olan şikayətlərin dərhal araşdırılmasını, cavab kağızlarının kodlaşdırılmasını, həmçinin müəllimlər tərəfindən yoxlanılmasını icra etmək üçün formalaşan Qərargah və işçi qrupunun fəaliyyəti ilə də yaxından tanış olub.

Bildirilib ki,  imtahan sessiyanın şəffaf və mövcud qaydalara əsasən keçirilməsi məqsədilə öncədən bütün texniki tədbirlər yüksək səviyyədə icra olunub.  Tələbələrin fənlər üzrə imtahanqabağı ballarının Elektron Məlumat Sistemi vasitəsilə avtomatik hesablanması məqsədilə bütün qiymətləndirmə məlumatları imtahana kimi sistemdə yerləşdirilib. İmtahan nəticələri imtahan keçirilən gün fənn müəllimləri tərəfindən dərhal elektron sistemə daxil edilir. İmtahan nəticələrindən narazı qalan tələbələrin apellyasiya komissiyasına müraciət etmələri üçün geniş imkanlar yaradılıb.

Qeyd edək ki, BMU-da fevralın 1-dək davam edəcək qış sessiyasında ümumilikdə 1273 imtahanın keçirilməsi nəzərdə tutulub.

 

İctimaiyyətlə əlaqələr şöbəsi

 

Digər xəbərlər