Bakı Mühəndislik Universitetinin rektoru Yaqub Piriyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif edilib. Yubiley medalı rektora elm və təhsil naziri Emin Əmrullayev tərəfindən təqdim olunub.
Məlumat üçün bildirək ki, Yaqub Piriyev Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1970-80-ci illərdə Azərbaycandan kənarda ali təhsil almaq üçün göndərilən gənclərdən biri olub. Moskva Avtomobil və Yollar İnstitutunu bitirib. Nəqliyyat tikintisi və yol mühəndisliyi sahəsində 1 ixtiranın, 4 dərsliyin, 5 dərs vəsaitinin və 100-dən çox elmi məqalənin müəllifi, texnika elmləri namizədidir. İnstitutu bitirdikdən sonra Azərbaycan Respublikası Avtomobil Yolları Tikintisi və İstismarı Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. Sonrakı illərdə Türkiyə Respublikasının Atatürk Universitetində müəllim, Azərbaycan İnşaat Mühəndisləri Universitetində kafedra müdiri və dekan, Elm və Təhsil Nazirliyində şöbə müdiri, aparat rəhbərinin müavini kimi məsul vəzifələrdə çalışıb. 2004-cü ildən Beynəlxalq Nəqliyyat Akademiyasının həqiqi üzvüdür.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə “Əməkdar müəllim” fəxri adına layiq görülüb, “Tərəqqi” medalı ilə təltif edilib.
İctimaiyyətlə əlaqələr şöbəsi