Bakı Mühəndislik Universitetinin (BMU) Tədris işləri üzrə prorektoru, professor Həmzağa Orucov, Tərbiyə işləri üzrə prorektoru Bayram Hüseynzadə və Ümumi işlər üzrə prorektoru Vüqar Həsənov “Azərbaycanda Rektorlar Konfransının yaradılması” Erasmus+ layihəsi çərçivəsində “Ali təhsil sisteminin inkişafında rektorlar konfransının rolu” adlı seminarda iştirak edirlər.
Rektorlar konfransının yaradılması və ali təhsilin inkişaf etdirilməsi üçün Avropa təcrübəsinin öyrənilməsinə həsr edilən seminara İsveçin nüfuzlu universitetlərindən biri olan Kral Texnologiya Universiteti ev sahibliyi edir.
16-20 may tarixlərini əhatə edəcək tədbirə Azərbaycan Respublikası Təhsil nazirinin müşaviri Nicat Məmmədli və ölkəmizin 15 ali təhsil ocağının rəhbər şəxsləri qatılıb.
Bakı Biznes Universitetinin koordinatoru olduğu və Avropa Komissiyası tərəfindən maliyyələşdirilən layihə çərçivəsində təşkil olunan tədbirdə İsveç, Litva, Finlandiya və Polşa Rektorlar Konfransının səlahiyyətli nümayəndələrinin, Kral Texnologiya Universitetinin, Stokholm Universitetinin və Haaga-Helia Tətbiqi Elmlər Universitetinin rektorlarının iştirakı nəzərdə tutulub.
Seminarın növbəti günlərində Avropa Universitetlər Birliyinin Baş katibinin müavini Monika Steinelin “Sərhədsiz Universitetlər- 2030 gələcəyə baxış” mövzusunda təqdimatı da baş tutacaq.
İctimaiyyətlə əlaqələr şöbəsi