BMU-İNHA ikili diplom proqramına qəbul üçün müraciət tarixi uzadılıb

16 Avqust 2021
BMU-İNHA ikili diplom proqramına qəbul üçün müraciət tarixi uzadılıb

2021/2022-ci tədris ili üçün Bakı Mühəndislik Universiteti (BMU) və Cənubi Koreyanın nüfuzlu ali təhsil müəssisəsi olan İNHA Universiteti tərəfindən həyata keçirilən beynəlxalq ikili diplom proqramının (BMU-İNHA İDP) bakalavr pilləsinə onlayn qeydiyyat prosesi davam edir.

İctimaiyyətin proqrama olan yüksək marağı ilə əlaqədar çoxsaylı müraciətləri nəzərə alaraq, qeydiyyat 20 avqust saat 23:55-dək uzadılıb. Müraciət üçün sənədlər göstərilən tarixədək onlayn anket formasında təqdim edilməlidir.

2021/2022-ci tədris ili üzrə ingilis dilində 4 il müddətində həyata keçiriləcək bakalavr proqramına İnformasiya texnologiyaları, İnşaat mühəndisliyi, Elektrik mühəndisliyi və Elektronika mühəndisliyi ixtisasları üzrə hər biri 25 nəfər olmaqla 100 nəfərin qəbul edilməsi nəzərdə tutulur.

3+1 modelinə əsaslanan proqramın 3 il müddətində BMU-da, 1 il müddətində isə İnha Universitetində tədrisi nəzərdə tutulur.

Təhsil müddətinin sonunda tələbələrə təhsil aldıqları ixtisas üzrə həm BMU, həm də İNHA Universiteti tərəfindən bakalavr diplomları təqdim ediləcək. Proqramın məzunlarının qazanacağı bilik və bacarıqlar qeyd olunan 4 ixtisas üzrə mühəndislik sahələri, tədqiqat, beynəlxalq təhsil, təhlil və inkişaf sahəsini əhatə edəcək.

Təhsilalanların təhsil haqqı, qeydiyyat xərci, tədris materialları və elektron informasiya resurslarına çıxış xərcləri, habelə Cənubi Koreyada 1 illik təhsil və 3 həftəlik yay məktəbində iştirak xərcləri də “2019-2023 Dövlət Proqramı” tərəfindən qarşılanır.

Beynəlxalq ikili diplom proqramına (bakalavriat pilləsi üzrə) qəbul Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən qəbul imtahanlarının nəticələri və İNHA Universiteti tərəfindən keçirilən daxili müsabiqə əsasında aparılır. Belə ki, BMU-İNHA İDP-yə Azərbaycan Respublikasının vətəndaşı olan, 2021-ci ildə DİM imtahanlarında iştirak etmiş və uğurla keçən I ixtisas qrupunun abituriyentləri, həmçinin BMU-İNHA İDP-nin hər ixtisas üzrə müəyyən edilmiş müvafiq keçid balını toplamış namizədlər müraciət edə bilərlər. Əlavə olaraq, proqrama müraciət etmiş namizədlər BMU ilə İNHA Universitetinin birgə təşkil etdiyi daxili imtahandan uğurla keçməlidirlər. Daxili imtahanda iştirak etmək üçün onlayn anket formasını dolduraraq tələb olunan sənədləri elektron formada təqdim etmək lazımdır.

BMU-İNHA İDP-yə qəbul üçün daxili imtahan avqustun 23-də (yazılı) və avqustun 24-də (şifahi) onlayn formada keçiriləcək. İmtahanla əlaqədar bütün namizədlərə əvvəlcədən e-mail göndəriləcək. İmtahan nəticələri isə avqustun 27-də elan ediləcək.

İkili diplom proqramına sənədlərin son qəbul tarixi  20 avqust 2021-ci il saat 23:55-dir.

Ətraflı məlumatı elandan əldə edə bilərsiniz.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər