BMU ilə QS agentliyi arasında əməkdaşlıq müqaviləsi imzalanıb

20 Sentyabr 2024
BMU ilə QS agentliyi arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Dünyanın ən nüfuzlu reytinq təşkilatı olan “QS Quacquarelli Symonds”un (QS) Şərqi Avropa və Orta Asiya üzrə regional direktoru Sergey Xristolubov Bakı Mühəndislik Universitetində (BMU) olub.

Qonaqla görüşən BMU-nun rektoru Yaqub Piriyev son illər ali məktəbin  inkişafı üçün atılan addımlardan, elmi-tədqiqat və digər sahələrdə tətbiq olunan yeniliklərdən bəhs edib.  

BMU-nun elmi-tədqiqat fəaliyyətinin daha da gücləndirilməsi üçün beynəlxalq əməkdaşlığa xüsusi önəm verildiyini, habelə bu istiqamətdə qazanılan uğurları diqqətə çatdıran rektor universitetin  “QS Avropa 2025” reytinq cədvəlində müsbət nəticə əldə etdiyini, ötən illə müqayisədə 60 pillə irəliləyərək 491-ci mövqeyə yüksəldiyini, Qərbi Asiya universitetləri arasında isə 34-cü yerdə qərarlaşdığını bildirib. Yaqub Piriyev QS agentliyi ilə əməkdaşlığın BMU-nun inkişafına, beynəlxalq səviyyədə fəaliyyətini daha geniş tanıtmasına müsbət təsir göstərəcəyinə əminliyini ifadə edib.

Öz növbəsində Sergey Xristolubov dünyada ali təhsil xidmətləri sahəsində tanınan QS agentliyinin fəaliyyəti, eləcə də beynəlxalq səviyyəli keyfiyyət nişanı olan “QS Stars” haqqında məlumat verib.  QS reytinqlərində Azərbaycan universitetlərinin də potensialının təhlil olunduğunu qeyd edən regional direktor onların müxtəlif parametrlər üzrə irəlilədiyini, eləcə də BMU-nun son dövrlər bu yöndəki uğurlarını yüksək qiymətləndirib, bunun davamlı olacağına inandığını söyləyib. 

Görüşün sonunda BMU ilə “QS Quacquarelli Symonds” arasında əməkdaşlığa dair müqavilə imzalanıb.

Müqavilədə “QS Stars” reytinq qiymətləndirilməsinə qoşulmaq, beynəlxalq agentliyin reputasiya sorğularının analitik məlumat bazasına çıxış əldə etmək kimi mühüm məsələlər yer alıb.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər