Bakı Mühəndislik Universitetinin (BMU) rektoru, professor Havar Məmmədov Cənubi Koreyanın Elm və Texnologiya Siyasəti İnstitutunun (STEPİ) Beynəlxalq İnnovasiya Əməkdaşlıq Mərkəzinin nümayəndələri - təlimlər qrupunun rəhbəri Eun Joo Kim, layihənin koordinatoru So Hyun Kvon və Hanbat Universitetinin professoru Yonq İn Çoi ilə görüşüb.
Rektor H.Məmmədov Azərbaycanla Koreya arasında əksər sahələrdə, o cümlədən təhsil sahəsində uğurlu əməkdaşlıq əlaqələrinin olduğunu vurğulayıb. Son illər ölkədə Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə insan kapitalının inkişaf etdirilməsi, keyfiyyətli əmək bazarının yaradılması istiqamətində görülən işlərə toxunan H.Məmmədov Koreya ilə peşə təhsili sahəsində olan səmərəli əməkdaşlıqdan da bəhs edib.
Rektor həmçinin, BMU-nun fəaliyyət istiqamətləri, burada yaradılan müasir maddi-texniki baza, Texnopark, labarotoriyalar haqqında ətraflı məlumat verib. Beynəlxalq əməkdaşlığın inişafına xüsusi diqqət yetirildiyini fikirlərinə əlavə edən H.Məmmədov BMU-nun STEPİ ilə informasiya texnologiyaları sahəsində elmi-texniki tədqiqat, suni intellekt və elmi-tədqiqat laborotoriyasının qurulması, eyni zamanda avtomatlaşdırma, robototexnika üzrə birgə araşdırmaların aparılması üzrə əməkdaşlıq etməyə hazır olduğunu ifadə edib.
STEPİ-nin Beynəlxalq İnnovasiya Əməkdaşlıq Mərkəzinin təlimlər qrupunun rəhbəri Eun Joo Kim təmsil etdiyi qurumun əsas fəaliyyət istiqamətlərini diqqətə çatdırıb. Qeyd edib ki, STEPİ Cənubi Koreyada fəaliyyət göstərən əsas tədqiqat mərkəzidir. Azərbaycanın müvafiq elm ocaqları ilə əməkdaşlıqda məqsəd universitetlərdə innovativ sistemin qurulmasına köməklik göstərməkdir.
Öz növbəsində Hanbat Dövlət Universitetinin professoru Yonq İn Çoi BMU ilə əməkdaşlıqda maraqlı olduqlarını bildirib. O, universitetlər arasında tələbə mübadilə proqramının həyata keçirilməsini təklif edib.
Görüşdə müzakirə olunan məslələrlə bağlı ilkin razılıq əldə edilib. Bundan başqa, 2020-ci ilin əvvəllərində STEPİ rəhbərliyinin Azərbaycana səfəri zamanı əməkdaşlıq istiqamətləri ilə bağlı müvafiq addımların atılması üçün birgə işin aparılması qərara alınıb.
İctimaiyyətlə əlaqələr şöbəsi