Bakı Mühəndislik Universitetinin rektoru Yaqub Piriyev Əl-Xarəzmi adına Daşkənd İnformasiya Texnologiyaları Universitetinin Nurafşon filialının rektoru Nurbek Nəsrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə rektor Yaqub Piriyev ölkəmizdə yüksək templə irəliləyən davamlı inkişafın təmin olunmasında ali təhsil sahəsinin aparıcı rolu və dövlətin bu sahəyə xüsusi diqqətindən söz açıb. Müasir çağırışlar və əmək bazarının tələbatına uyğun yüksəkixtisaslı kadr hazırlığının ödənilməsi məqsədi ilə ali təhsil müəssisələrinin sayının artırıldığını bildirən rektor Azərbaycan Prezidentinin Sərəncamı ilə Elm və Təhsil Nazirliyinin tabeliyində Xankəndidə Qarabağ Universitetinin yaradıldığını qonaqların diqqətinə çatdırıb.
Rekor rəqabətqabiliyyətli mütəxəssis hazırlığı ilə bağlı uzunmüddətli hədəflərin müəyyənləşdiyini, bu məqsədlərə çatmaq üçün bütün ali təhsil müəssisələri, həmçinin BMU qarşısında müvafiq vəzifə və öhdəliklərin qoyulduğunu deyib. Eyni zamanda, Avropanın ən yaxşı ali təhsil müəssisələrinin də yer aldığı “QS World University Rankings” reytinqində qərarlaşan BMU-nun hazırkı mövqeyinin gələcəkdə daha da irəliyə aparılması üçün nəzərdə tutulan işlər haqda danışıb.
Qoyulan hədəflərin sırasında beynəlxalq əməkdaşlığın genişləndirilməsinə də üstünlük verildiyini deyən Yaqub Piriyev yaxın gələcəkdə informasiya texnologiyaları istiqaməti üzrə konkret inkişaf planına yer ayıran BMU-nun Daşkənd İnformasiya Texnologiyaları Universiteti ilə əməkdaşlığının faydalı ola biləcəyini qeyd edib.
Daşkənd İnformasiya Texnologiyaları Universitetinin Nurafşon filialının rektoru Nurbek Nəsrullayev də ali təhsil müəssisələri arasında əlaqələrin qurulması və inkişafına ciddi maraq göstərdiklərini, bu münasibətlərin dərinləşdirilməsinin hər iki ali təhsil müəssisəsinin gələcək fəaliyyətinə töhfələr verə biləcəyini bildirib.
BMU-nun Xarici əlaqələr və layihələrin idarəolunması şöbəsinin müdiri Nərmin Ələkbərova və Daşkənd İnformasiya Texnologiyaları Universitetinin Elm şöbəsinin müdiri İndira Mambetovanın təqdimatından sonra tərəflər arasında müzakirələr aparılıb.
Müzakirələrin ardınca görüşdə iki universitet arasında ali təhsil, elmi tədqiqat, innovasiya və texnoloji inkişaf sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Memorandum tələbə mübadiləsi, birgə layihə və tədqiqatlar, xüsusən İT sahəsində müştərək fəaliyyəti dəstəkləyən müddəaları əsas tutur.
Görüşdən sonra BMU-nun Texnoparkı və informasiya texnologiyaları laboratoriyaları ilə də tanış olan qonaqlar burada yaradılan şəraiti yüksək dəyərləndiriblər.
İctimaiyyətlə əlaqələr şöbəsi