Türkiyənin İstanbul şəhərində “Times Higher Education” (THE) reytinq agentliyinin təşkilatçılığı ilə keçirilən “Qlobal Dayanıqlı İnkişaf Konqresi” (16-19 iyun) çərçivəsində Bakı Mühəndislik Universiteti (BMU) ilə bir sıra ali təhsil ocaqları arasında əməkdaşlıq məsələləri müzakirə olunub.
Honkong Elm və Texnologiya Universitetinin rəhbər heyəti ilə keçirilən görüşdə BMU rektoru Yaqub Piriyev təmsil etdiyi ali məktəb haqqında məlumat verib. Rektor son illər xüsusilə informasiya texnologiyaları (IT) ixtisaslarının sayının artması, yeni İnformasiya və kompüter texnologiyaları fakültəsinin yaradılması barədə danışıb, iki universitet arasında mümkün əməkdaşlıq istiqamətlərinə diqqət çəkib.
Görüşdə Honkong Elm və Texnologiya Universitetinin nümayəndələri BMU ilə əməkdaşlıqda maraqlı olduqlarını bildiriblər. Müzakirələr zamanı IT və “Kimya mühəndisliyi” ixtisasları üzrə birgə proqramların icrası, o cümlədən tələbə-müəllim mübadiləsi, yay məktəbinin təşkili nəzərdən keçirilib. Eyni zamanda əməkdaşlıq sənədinin imzalanması haqda ilkin razılıq əldə olunub.
BMU ilə Türkiyənin Düzce Universiteti arasında keçirilən görüşdə isə birgə əməkdaşlıq imkanları, “Free Mover" modeli əsasında fərdi tələbə mobilliyi proqramlarının həyata keçirilməsi, qarşılıqlı akademik dəstək, gələcək əməkdaşlıq perspektivləri diqqət mərkəzində olub. Tərəflər arasında danışıqların davam etdirilməsi və gələcəkdə bu istiqamətdə əməkdaşlıq müqaviləsinin imzalanması barədə rəyə gəlinib.
BMU nümayəndə heyətinin növbəti görüşü Cənubi Afrika Universiteti ilə keçirilib. Görüşdə qarşılıqlı maraq doğuran əməkdaşlıq, birgə elmi tədqiqatların aparılması, müvafiq ikili layihələrin icrası və s. məsələlər müzakirə edilib.
İctimaiyyətlə əlaqələr şöbəsi