BMU ilə “AVE Konsaltinq” əməkdaşlığa başlayır

10 Aprel 2025
BMU ilə “AVE Konsaltinq” əməkdaşlığa başlayır

“AVE Konsaltinq” şirkətinin Azərbaycan üzrə rəhbər heyəti Bakı Mühəndislik Universitetində (BMU) olub.

Görüşdə öncə şirkətin ölkəmiz üzrə baş direktoru Elmira Cavadova fəaliyyət istiqamətləri, həyata keçirdikləri layihələr haqqında geniş məlumat verib.  Bildirib ki,  sosial təsirə yönəlmiş regenerativ marketinq, qabaqcıl biznes strategiyalar və transformativ ideyalar üzrə ixtisaslaşmış qlobal şirkət olan “AVE Konsaltinq” dünyanın bir çox ölkələri ilə əlaqələrə malikdir. Baş ofisi Gürcüstanda yerləşən şirkət tələbələrin inkişafına dəstək olmaq üçün də addımlar atmağı hədəfləyib. E.Cavadova marketinq sahəsində dünyada məşhur isimlərlə əməkdaşlıqlarının mövcudluğuna toxunaraq Philip Kotler tərəfindən təsis edilmiş Kotler Impact, Con Şoulun yaratdığı Xidmət Keyfiyyəti İnstitutu (SQI), eləcə də Leo İnstitutu ilə birlikdə BMU-da marketinq təhsilinin keyfiyyətinin ən müasir tələblər səviyyəsində təmin olunması üçün əməkdaşlığın mümkünlüyünə diqqət çəkib. Eyni zamanda, bu sahə üzrə tanınmış isimlərin tələbələrlə görüşünün təşkili, təlimlərin keçirilməsi təşəbbüsünü irəli sürüb.

Rektor Yaqub Piriyev şirkət ilə ali məktəb arasında yaranan münasibətlərin müsbət nəticələrinə inamını ifadə edib. BMU-da iqtisadiyyat və marketinq üzrə kadr hazırlığının həyata keçirildiyini deyən rektor marketinq, kommunikasiya, innovasiya sahələrində təhsilin keyfiyyətinin artırılması yönündə irəli sürülən təşəbbüsləri müsbət qiymətləndirib, səslənən təkliflərin universitetin müəllim, eləcə də tələbələri üçün faydalı olacağına əminliyini vurğulayıb.

Sonra  rektor Yaqub Piriyev və baş direktor Elmira Cavadova əməkdaşlığa dair anlaşma memorandumunu imzalayıblar.

Memorandum tədris və elmi-tədqiqat fəaliyyətinə marağın artırılması, birgə tədqiqatlar üçün təkliflər hazırlamaq, tələbələr və işçi heyətin mübadiləsini asanlaşdırmaq məqsədi daşıyır. Sənədə əsasən, tərəflər simpozium, konfrans, qısamüddətli kurs və görüşlərin təşkili, tədqiqat, ömürboyu təhsil proqramlarının həyata keçirilməsi, innovativ tədris və idarəetmə üsulları haqqında məlumat mübadiləsi, habelə digər istiqamətlərdə əməkdaşlıq edəcəklər.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər