Bakı Mühəndislik Universitetinin (BMU) Dünya iqtisadiyyatı kafedrasının müdiri, i.ü.f.d., dosent Şəhriyar Muxtarov, kafedranın dosenti, i.ü.f.d. Vüqar Muradov və baş müəllimi, i.ü.f.d. Suqra Hümbətovanın müəllifləri olduqları məqalə İsveçrənin “Sustainability” jurnalında (iyun buraxılışı, 2020) nəşr olunub.
“Do High Oil Prices Obstruct the Transition to Renewable Energy Consumption?” adlı məqalədə Azərbaycan nümunəsində neft qiymətləri, iqtisadi artım və karbon dioksidinin (CO2) emissiyyasının bərpa olunan enerji istehlakı üzərində təsirləri statistik məlumatlardan istifadə edilərək STSM metodu vasitəsi ilə analiz edilib. Məqalənin nəticələrinə görə Azərbaycanda iqtisadi artımın bərpa olunan enerji istehlakı üzərində müsbət, neft qiymətlərinin isə mənfi təsiri vardır.
Tədqiqat işində neft qiymətinin bərpa olunan enerji istehlakına mənfi təsir etməsi, tədqiq olunan ölkə üçün daha yüksək neft qiymətlərinin yaratdığı rahatlığın ənənəvi enerji mənbələrindən bərpa olunan enerji istehlakına keçidi gecikdirən vacib göstəricilərdən biri kimi qəbul edilərək qeyd edilib. Tədqiqat nəticələri əsasında ənənəvi enerji mənbələrindən bərpa olunan enerji istehlakına keçid istiqamətində bir sıra təkliflər də irəli sürülüb.
Məqalənin tam mətnini https://www.mdpi.com/2071-1050/12/11/4689 linki vasitəsilə oxumaq mümkündür.
Qeyd edək ki, “Sustainability” jurnalı dünyanın ən nüfuzlu məlumat bazası kimi qəbul edilən “Web of Science” məlumat bazasında indekslənir və impakt faktoru 2.59-dur.
İctimaiyyətlə əlaqələr şöbəsi