Bakı Mühəndislik Universiteti (BMU) ilə Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) arasında bağlanan müqavilə çərçivəsində daxili keyfiyyət təminatına dair keçirilən təlimlərdə iştirak etmiş universitetin akademik və inzibati heyətinə sertifikatlar təqdim olunub.
Bu münasibətlə təşkil olunan tədbirdə BMU-nun tədris işləri üzrə prorektoru, professor Həmzağa Orucov universitetin institusional akkreditasiyaya hazırlıq vəziyyəti, ötən müddətdə təhsil müəssisəsində daxili keyfiyyət təminatı sistemlərinin qurulması və inkişafı istiqamətində TKTA tərəfindən göstərilən dəstək xidmətləri, təlimlərin təşkilinin əhəmiyyətindən danışıb.
Universitetin Keyfiyyətin təminatı şöbəsinin müdiri Sevil İmanova isə TKTA tərəfindən təşkil olunan təlimlərin əsas istiqamətləri, təlimlərdə BMU-nun akademik heyəti və struktur rəhbərlərinin fəal iştirakından söz açıb.
Sonra TKTA-nın Təlim və metodologiya şöbəsinin müdiri Asiman İlyasov təlim iştirakçılarına sertifikatları təqdim edib. O, bu təlimlərdə qazanılan bilik və bacarıqların təhsil müəssisəsinin Özünütəhlil Hesabatının hazırlanmasında əhəmiyyətli olacağını vurğulayıb. Şöbə müdiri, həmçinin sertifikat alan əməkdaşların TKTA-nın ekspert bankına müraciət etmək imkanına malik olduqlarını bildirib.
Sonda Özünütəhlil Hesabatının hazırlanması ilə bağlı tədbir iştirakçılarının sualları cavablandırılıb və bu istiqamətdə ümumi müzakirələr aparılıb.
İctimaiyyətlə əlaqələr şöbəsi