BMU əməkdaşları Qahirədə Beynəlxalq Təhsil Sərgisində iştirak ediblər

07 Mart 2024
BMU əməkdaşları Qahirədə Beynəlxalq Təhsil Sərgisində iştirak ediblər

2-3 mart 2024-cü il tarixlərində Bakı Mühəndislik Universitetinin (BMU) Xarici dillər kafedrasının müdiri Ətraba Gül və Beynəlxalq əlaqələr və layihələrin idarə edilməsi şöbəsinin müdiri Nərmin Ələkbərova Misirin Qahirə şəhərində keçirilən nüfuzlu beynəlxalq təhsil sərgisində iştirak ediblər. Tədbir dünyanın hər yerindən aparıcı universitetlər, təhsil müəssisələri və akademik ekspertləri bir araya gətirərək, ali təhsil imkanlarını təşviq etmək, həmçinin  beynəlxalq tərəfdaşlıqları gücləndirmək üçün platforma rolunu oynayıb.

Sərgidə beynəlxalq təhsilə maraq göstərən çoxlu sayda şagird və valideynlər iştirak edib. BMU-nun stendi onun akademik proqramları, tədqiqat təşəbbüsləri və təqaüd imkanları haqqında ətraflı məlumat verilib. Stend Azərbaycanda təhsil haqqında daha çox öyrənmək istəyən potensial tələbələrin diqqətini cəlb edib.

Səfər zamanı BMU nümayəndələri Misir universitetləri, o cümlədən təhsil təşkilatlarının rəsmiləri və hökumət nümayəndələri ilə müzakirələr aparıblar. Müzakirələrdə Azərbaycan və Misir institutları arasında akademik əməkdaşlıq, tələbə mübadiləsi proqramları və birgə tədqiqat imkanları nəzərdən keçirilib. Müzakirələr zamanı, həmçinin BMU-nun mühəndislik sahəsində ingilis dilində yüksək keyfiyyətli təhsil verməsi vurğulanıb. Azərbaycan ilə Misir arasında təhsil əlaqələrinin gücləndirilməsinin vacibliyi qeyd olunub.  Həmçinin gələcək əməkdaşlıq üçün potensial imkanlar, o cümlədən fakültə mübadiləsi proqramları nəzərdən keçirilib.

Digər xəbərlər