BMU əməkdaşı Tədqiqat və innovasiyalar üzrə Şərq Tərəfdaşlığı Panelinin toplantısında iştirak edib

07 İyun 2023
BMU əməkdaşı Tədqiqat və innovasiyalar üzrə Şərq Tərəfdaşlığı Panelinin toplantısında iştirak edib

Bakı Mühəndislik Universitetinin (BMU) əməkdaşı Azərbaycan nümayəndə heyətinin tərkibində Moldovanın paytaxtı Kişineu şəhərində keçirilən Tədqiqat və innovasiyalar üzrə Şərq Tərəfdaşlığı (ŞT) Panelinin qeyri-rəsmi işçi qrupunun 5-ci toplantısında iştirak edib.

BMU-nun Keyfiyyətin təminatı şöbəsinin müdiri Sevil İmanovanın qatıldığı toplantıda ŞT ölkələrində “Horizon 2020”-nin tədqiqat və innovasiyalar üzrə prioritetlərinin həyata keçirilməsi, yaşıl və rəqəmsal keçidlər kimi mühüm sahələr üzrə fəaliyyət, “Horizon Avropa” proqramında iştirak üzrə təcrübə və bu istiqamətlərdə elmi diasporun rolu müzakirə edilib.

Avropa Tədqiqat Məkanında (ERA) beynəlxalq əməkdaşlıq - dəyərlər və prinsiplərə həsr edilmiş müzakirələrdə çıxış edən S.İmanova Azərbaycan universitetlərinin Avropanın müxtəlif qabaqcıl elm və təhsil qurumları ilə əməkdaşlığından, BMU daxil olmaqla, bir neçə yerli ali təhsil müəssisəsinin 15-ə yaxın Avropa universiteti ilə birlikdə Erasmus KA1 və KA2 layihələrində fəal iştirakından danışıb.

Azərbaycanın ali təhsil sistemində tədqiqatın inkişafı və innovasiya (RDI) üzrə layihənin açıq innovasiya, açıq elm konsepsiyalarının hazırlanmasını hədəflədiyini də deyən S.İmanova AMEA, UFAZ və BMU-nun ikili diplom proqramlarının beynəlxalq əməkdaşlıq sahəsində uğurlu nümunələr olduğunu diqqətə çatdırıb.

Tədbirdə ŞT ölkələrinin nümayəndələri ilə yanaşı, Avropa Komissiyasının (AK) tədqiqat və innovasiyalar, təhsil və mədəniyyət üzrə Baş Direktorluğu və digər müvafiq qurumlarının rəsmiləri, Avropaya üzv dövlətlərin (Belçika, Almaniya, Fransa, Bolqarıstan, Litva və Rumıniya) müvafiq təşkilatları və Türkiyədən TÜBİTAK-ın mütəxəsissləri iştirak ediblər. AK-nın Tədqiqat və İnnovasiyalar üzrə Baş Direktorluğunun bölmə rəhbəri Ruta Zarnauskaite toplantıya sədrlik edib.

Azərbaycan nümayəndə heyətinin üzvləri toplantı çərçivəsində ayrı-ayrı sessiyalarda çıxış ediblər.

AK rəsmiləri Azərbaycan nümayəndə heyətinə toplantının bütün mövzuları üzrə müzakirələrdə fəal iştiraklarına görə təşəkkürlərini bildiriblər.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər