2023/2024-cü tədris ili üçün Bakı Mühəndislik Universitetinin (BMU) MBA (Biznesin idarə edilməsi) proqramı üzrə qəbul planına daxil edilən yeni ixtisaslaşmalardan biri də Maliyyə mühəndisliyidir.
Maliyyə mühəndisliyi - maliyyə məsələlərinin həlli prosesində riyazi texnikaları özündə birləşdirən maliyyə alt sektorudur. Proses zamanı iqtisadi, statistik, riyazi biliklərdən, həmçinin informatika alətlərindən istifadə olunur. Məhz buna görə də bu maliyyə sahəsini bəzən kəmiyyət təhlili də adlandırırlar. Maliyyə mühəndisliyi təkcə mövcud maliyyə problemlərinin həlli üçün deyil, həm də innovativ maliyyə məhsulları üzərində işlər aparılarkən tətbiq edilir.
BMU-da bu sahədə əsaslı kadr hazırlığı, eləcə də yeni ixtisaslaşmanın tədrisi İqtisadiyyat və idarəetmə fakültəsinin Maliyyə və mühasibat kafedrasında həyata keçiriləcək.
Bu ixtisaslaşmanı bitirənlər bir çox bilik və bacarıqlar qazanacaqlar. Maliyyə sahəsində model və metodlar haqqında biliklərə yiyələnən maliyyə mühəndisi onları praktiki məsələlərin həllində tətbiq edə, maliyyə sənayesində təsadüfi hadisələrin kəmiyyət təhlili üçün ehtimal və statistik modellər yarada biləcək. Qiymətli kağızlar ilə əlaqədar modellər quraraq, öncədən qiymət təxminləri edə bilmək də bu ixtisaslaşmaya üstünlük verən məzunların qazanacağı kompetensiyalara daxildir. MBA məzunları, həmçinin ixtisas üzrə elmi-tədqiqat və praktiki işlərin aparılması bacarıqlarını mənimsəyərək nəzəriyyə ilə praktikanı əlaqələndirmiş və ünsiyyət bacarıqlarını təkmilləşdirmiş olacaqlar.
Qeyd edək ki, BMU-nun MBA proqramına 7 yeni ixtisaslaşma əlavə edilib. Bu sırada Aqrobiznes, Beynəlxalq ticarət, Elektron idarəetmə, İctimayyətlə əlaqələr, Maliyyə mühəndisliyi, Təchizat zəncirinin idarə edilməsi, Mühəndislik layihələrin idarə edilməsi kimi ixtisaslaşmalar yer alır (https://beu.edu.az/az/page/magistratura-ixtisaslar-159/)
Ümumilikdə isə növbəti tədris ilində proqramda 13 ixtisaslaşma üzrə 160 yer planlaşdırılıb. Proqram üzrə 140 yer Azərbaycan, 20 yer isə ingilis bölməsi üçün ayrılıb.
İctimaiyyətlə əlaqələr şöbəsi