Bakı Mühəndislik Universitetinin (BMU) İqtisadiyyat və idarəetmə fakültəsində növbəti elmi-metodiki seminar keçirilib.
Universitetin İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı, dosent Mayis Əzizov, həmçinin Dövlət və bələdiyyə idarəetməsi kafedrasının müdiri, dosent Samir Quliyev artıq silsilə çəklində davam edən elmi seminarların təşkilinin, bu tədbirlərdə səsləndirilən mövzuların aktuallığından, önəmindən danışıblar.
Sonra məruzəçi Dövlət və bələdiyyə idarəetməsi kafedrasının əməkdaşı, s.ü.f.d. Natiq Abdullayev təqdimatla çıxış edib, dünyadakı münaqişələrin iqtisadiyyata təsirinə diqqət çəkib. O, çıxışında “Şərqi Aralıq dənizində Türkiyə-Yunanıstan qarşıdurması” mövzusuna xüsusi yer ayırıb. Şəqri Aralıq dənizində problemin Yunanıstanın maksimalist yanaşmalarından, təxribatlarından irəli gəldiyini qeyd edib. O, son zamanlar Türkiyənin diplomatik cəhdləri ilə Şərqi Aralıq dənizi ölkələri ilə münasibətlərin normallaşdığını bildirib və beləliklə, Türkiyənin iştirak etmədiyi hər hansı bir Aralıq dənizi layihəsinin coğrafi və texniki şərtlər baxımından reallaşa bilməyəcəyini vurğulayıb.
Tədbirdə məruzə ətrafında müzakirələr aparılıb və mövzu ilə bağlı iştirakçıların sualları cavablandırılıb.
İctimaiyyətlə əlaqələr şöbəsi