Bakı Mühəndislik Universitetinin (BMU) Qadınlar Şurası və Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin birgə təşkilatçılığı ilə “Müasir dövrdə gənclərin inkişafı gender kontekstində” mövzusunda tədbir keçirilib.
Açılış nitqi ilə çıxış edən BMU-nun Qadınlar Şurasının sədri Ətrabə Gül insan hüquq və azadlıqlarının tərkib hissəsi kimi gender bərabərliyinin təmin edilməsi istiqamətində ölkəmizdə görülən işlərdən, qəbul edilən qanunvericilik aktlarından bəhs edib. O, belə bir tədbirin təşkil edilməsinin həm universitet əməkdaşları, həm də tələbələr üçün faydalı olacağına əminliyini vurğulayıb.
Azərbaycan Dillər Universitetinin (ADU) dosenti Kifayət Ağayeva genderin təsnifatından danışaraq onun sosial faktorlarla formalaşdığını diqqətə çatdırıb. Qadın və kişilərin cəmiyyətdə oynadıqları bioloji və sosial rolların önəminə toxunan K.Ağayeva sosial rolların bioloji rollardan daha çox əhəmiyyət kəsb etdiyini bildirib.
Daha sonra K.Ağayeva çıxışında feminizm anlayışı, feminizmin tarixi və onun dünyaca məşhur olan növləri (liberal, marksist, sosialist və radikal) barədə ətraflı məlumat verib.
Ali Məhkəmədə Monitorinq şöbəsinin böyük məsləhətçisi İradə Quliyeva cəmiyyətdə artan boşanma halları və onun səbəbləri haqqında danışıb, iş prosesində qarşılaşdığı hadisələrdən nümunələr gətirib.
Tədbir sual-cavab formatında və geniş fikir mübadiləsinin aparılması ilə davam edib.
Toplantıda Təhsil nazirliyinin De-institutlaşma və uşaqların müdafiəsi idarəsinin hüquqşünası Elnarə Şahbəddinli də iştirak edib.
İctimaiyyətlə əlaqələr şöbəsi