Bakı Mühəndislik Universitetinin (BMU) İqtisadiyyat və idarəetmə fakültəsində “Layihə əsaslı dərs keçmə metodları” mövzusunda elmi-metodiki seminar keçirilib.
Seminarın həsr olunduğu mövzuya diqqət çəkən fakültənin dekanı Nəsimi Kamalov fənlərarası inteqrasiyada layihə əsaslı dərs keçmə metodlarının əhəmiyyəti, ənənəvi təhsil sistemindən fərqlənən bu metodologiyanın tədrisdə istifadəsinin nəticələri, müəllim və tələbəyönümlü öyrənmə modellərinin yeni yanaşmalara uyğun qurulması məsələlərindən danışıb.
Sonra dosent Murad İsgəndərovun “Biznes təhsilində layihə metodundan istifadə təcrübəsi” adlı məruzəsi dinlənilib. Məruzədə biznes təhsilinin səmərəli təşkilində problemlər və həlli yolları, layihə əsaslı dərs keçmə modelinin funksionallığı, bu modelin klassik dərs keçmə modeli ilə müvafiq kriterilər üzrə müqayisəsinə, o cümlədən fərdi inkişaf proqramları, nəzəri bilikləri özündə ehtiva edən praktiki öyrənmə materiallarından istifadənin önəmi və üstünlüklərinə yer ayrılıb.
Layihə əsaslı öyrənmənin əsas prinsipləri ilə bağlı şəxsi təcrübəsini də paylaşan dosent bu üsulların tədris prosesi boyunca tələbə fəallığını artırdığını, onların müstəqil düşünmə qabiliyyətini inkişaf etdirdiyini, tədris müəssisəsinin daxilində və xaricində öyrənməni mümkün hala gətirən bir model olduğunu bildirib.
Seminar məruzə ilə bağlı müzakirələrlə yekunlaşıb.
İctimaiyyətlə əlaqələr şöbəsi