Bakı Mühəndislik Universitetində (BMU) cari tədris ilinin yaz semestrinin yay imtahan sessiyası davam edir.
Sessiyanın ötən dövrü ərzində 1097 imtahan keçirilib və həmin imtahanlarda indiyə qədər ümumilikdə 3600 tələbə iştirak edib.
Qış imtahan sessiyasında olduğu kimi, bu imtahanlarda da suallar tələbələrə əvvəlcədən təqdim edilib. İmtahan nəticələri isə imtahan keçirilən günlərdə fənn müəllimləri tərəfindən BMU-nun Elektron Məlumat Sisteminə yerləşdirilir.
Nəticələrdən narazı qalan tələbələrin müraciətlərinin, yarana biləcək hər hansı şikayətin dərhal araşdırılması, həmçinin sessiyanın gedişinə operativ nəzarətin təmin olunması məqsədilə Qərargah və Apelyasiya Komissiyasının fəaliyyəti də davam edir. Bununla bağlı müvafiq qaydalarla ətraflı məlumatlandırılan tələbələr imtahan bitdikdən sonra 1 gün ərzində ərizə ilə Apelyasiya Komissiyasına müraciət etmək imkanına malikdirlər. Eyni zamanda imtahanların gedişinin ardıcıl surətdə yoxlanılması, nəticələrin kafedra iclasları və fakültə Elmi şuralarında müzakirə edilməsi də diqqət mərkəzindədir.
Mayın 31-dən etibarən başlayan imtahan sessiyası iyulun 4-dək davam edəcək.
İctimaiyyətlə əlaqələr şöbəsi