BMU-da III “Maarifçi “ tələbə-məzun təcrübə proqramı ilə bağlı infosessiya

11 Aprel 2025
BMU-da III “Maarifçi “ tələbə-məzun təcrübə proqramı ilə bağlı infosessiya

Bakı Mühəndislik Universitetində (BMU)  Elm və Təhsil Nazirliyinin (ETN) təşəbbüsü və Təhsilin İnkişafı Fondunun dəstəyi ilə həyata keçirilən “Maarifçi “ tələbə-məzun təcrübə proqramı ilə bağlı infosessiya keçirilib.

İnfosessiyada ETN-nin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin mütəxəssisi Səma Əliyeva proqram və ona müraciət qaydaları haqqında tələbələrə ətraflı məlumat verib. Bildirib ki, proqram tələbə və yeni məzun olan gənclərə təcrübə imkanı yaratmaq, onların bilik və bacarıqlarını artırmaq, nəzəri biliklərini real iş mühitində tətbiq etmələrinə və peşəkar vərdişlər qazanmalarına dəstək məqsədi daşıyır. Azərbaycan Respublikasının vətəndaşı olan, bakalavriat səviyyəsinin sonuncu kursunda və ya magistraturada təhsil alan tələbələr, eləcə də təhsilini son 3 il ərzində başa vurmuş məzunlar proqrama müraciət edə bilərlər. 4 ay davam edəcək növbəti “Maarifçi” təcrübə proqramı çərçivəsində seçilən iştirakçılar nazirliyin müxtəlif struktur bölmələri və tabeli qurumlarında, regional təhsil idarələrində, eləcə də Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyində təcrübə keçmək imkanı qazanacaqlar.

Tədbirdə ötən il keçirilən I və ll təcrübə proqramlarının nəticələri, bu proqramlar çərçivəsində işlə təmin olunan iştirakçılarla bağlı statistik məlumatlar diqqətə çatdırılıb.

İnfosessiyanın sonunda tələbələr qeydiyyat prosesi aprelin 9-dan başlayan III “Maarifçi “ tələbə-məzun təcrübə proqramının yaratdığı imkanlardan yararlanmağa dəvət olunub və onları maraqlandıran suallara aydınlıq gətirilib. 

Proqramda iştirak etmək istəyənlər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər: https://anket.edu.az/user/200

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər