Azərbaycan Respublikası Təhsil Nazirliyi və Bakı Mühəndislik Universitetinin (BMU) birgə təşkilatçılığı ilə “II Beynəlxalq Elm və Texnologiya” adlı elmi-praktiki konfrans (26-27 noyabr) öz işinə başlayıb.
Açılış nitqi ilə çıxış edən BMU-nun rektoru, professor Havar Məmmədov konfransın çox əlamətdar dövrə təsadüf etdiyini bildirib. Bu yaxınlarda xalqımızın Vətən müharibəsində qazandığı tarixi Qələbənin birinci ildönümünün təntənə ilə qeyd edildiyini söyləyən rektor Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 30 ilə yaxın düşmən tapdağında olan torpaqlarımızın azadlığa qovuşduğunu diqqətə çatdırıb.
Havar Məmmədov bildirib ki, Azərbaycan iqtisadiyyatının indiki inkişaf səviyyəsi mövcud elmtutumlu sənaye müəssisələrində istehsal proseslərini təşkil etmək və innovativ texnologiyalarla işləmək bacarığına malik mütəxəssislərin hazırlığını daha da zəruri edib. Ölkə Prezidenti cənab İlham Əliyevin 8 noyabr 2016-cı il tarixli sərəncamı ilə BMU-nun yaradıldığını söyləyən rektor ali təhsil müəssisəsinin qısa müddət ərzində onlarca beynəlxalq konfransa ev sahibliyi etdiyini, bu konfranslara 20-dən artıq ölkədən tədqiqatçı alim və məruzəçilərin qatıldığını diqqətə çatdırıb.
Universitetdə həyata keçirilən elmi-tədqiqat işlərindən söz açan rektor BMU əməkdaşlarının məqalələrinin impakt faktorlu jurnallarda çap olunduğunu, eləcə də QS reytinqində universitetin mövqeyinin artdığını sözlərinə əlavə edib. Ali təhsil ocağının rəhbəri vurğulayıb ki, elmi-tədqiqat işlərində aktiv iştirak etmək, yeni texnologiyaların yaranmasına öz töhfəsini vermək universitet qarşısında duran əsas vəzifələrdən biridir.
Konfransın əhəmiyyətli mövzuya həsr olunduğunu bildirən rektor elm və texnologiyanın davamlı inkişafın hərəkətverici qüvvəsi olduğunu bildirib. Beynəlxalq tədbirin təşkil olunmasında əsas məqsədin mühəndislik və onunla əlaqəli sahələrdə çalışan (alimlər, tədqiqatçılar ilə dövlət və özəl sektor işçiləri) şəxsləri bir araya gətirmək, universitet-dövlət-özəl sektor əməkdaşlığını artırmaq, aparılan yeni araşdırmaları, düşüncələri bölüşmək, həmçinin rast gəlinən problemlərə birgə həll yolu tapmaq olduğunu deyən rektor konfransın işinə uğurlar arzulayıb.
Təhsil nazirinin müavini, BMU-nun Himayəçilər Şurasının sədri İdris İsayev universitet rəhbərliyinə və təşkilatçılara mövcud pandemiya şəraitində belə bir tədbiri ərsəyə gətirdiklərinə görə təşəkkür edib. Konfransın aktual mövzuya həsr edildiyini bildirən nazir müavini tədbirin təhsil və elm ictimaiyyəti, eləcə də gənc tədqiqatçılar üçün çox əhəmiyyətli olduğunu vurğulayıb.
Nazirlik rəsmisi iqtisadiyyatın rəqəmsallaşması, yeni texnologiyaların iqtisadiyyata və cəmiyyətə təsiri önündə elm və təhsilin durduğunu söyləyib, həmçinin texnoloji təsirlərin aradan qaldırılmasında elm və təhsil imkanlarından istifadənin vacibliyini bildirib. İdris İsayev son dövrlərdə dünyada baş verən inqilabi texnoloji dəyişikliklər şəraitində rəqəmsal bacarıqlara malik, yeni texnologiyaları aktiv tətbiq edə bilən və gələcək illərdə dünyada artan rəqabətə hazır olan yüksək insan kapitalının formalaşdırılmasının daha da aktuallaşdığını fikirlərinə əlavə edib.
İdris İsayev qeyd edib ki, texnoloji prosesləri çevik mənimsəyən, praktiki bilik və bacarıqlara yiyələnən, eyni zamanda müasir və gələcək əmək bazarının tələblərinə cavab verən kadrlara ehtiyac artır. O, bu prosesdə təhsil müəssisələrinin rolundan danışaraq gənc tədqiqatçılara daha əlverişli şərait yaradılmasının vacibliyini önə çəkib.
Hazırda dövlət səviyyəsində bir sıra proqramların icra olunduğunu söyləyən İdris İsayev ölkə Prezidenti cənab İlham Əliyevin “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncamını xatırladıb və bu proqramın uğurla icra edildiyini vurğulayıb. Bununla yanaşı, nazir müavini Azərbaycan gənclərinin nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil imkanlarının genişləndirilməsi haqqında ölkə Prezidentinin 30 sentyabr 2021-ci il tarixli sərəncamı haqqında məlumat verib və yaxın vaxtlarda bu istiqamətdə həyata keçiriləcək işlərə toxunub.
Plenar iclasda Cənubi Karolina Universitetinin doktorantı Kənan Şıxəliyevin “Qliserolun qliserin karbonatına çevrilməsində karbon əsaslı katalizatorlar” (Carbon based catalysts in the transesterification of glycerol to glycerol carbonate) və BMU-nun Kimya-biologiya kafedrasının baş müəllimi Elşad Yunusovun “Duzlu torpaqlarda yayılmış mikromisetlərdə biokütlənin duzluluq stresindən asılı olaraq dəyişməsinin statistik təhlili” mövzusunda məruzələri dinlənilib.
Konfrans “Memarlıq və inşaat”, “Sənaye/Ekologiya”, “Kimya mühəndisliyi”, “Riyaziyyat, informatika və fizika”, “Kimya və biologiya”, “Mexanika mühəndisliyi” adlı 6 bölmə üzrə işini davam etdirir.
Konfransa yerli və xarici alimlər, həmçinin məruzəçilər tərəfindən göndərilən məqalə və tezislərdən 130-u elmi heyətin qərarı ilə konfransın proqramına daxil edilib. Bununla yanaşı, Azərbaycanın 30-a yaxın ali təhsil müəssisəsi və AMEA-nın elmi-tədqiqat institutlarının, həmçinin Ukrayna, Türkiyə, Braziliya və digər ölkələrin elm adamları öz tədqiqatlarını göndərib.
İctimaiyyətlə əlaqələr şöbəsi