Bakı Mühəndislik Universitetində (BMU) Fövqəladə Hallar Nazirliyinin (FHN) Sumqayıt Regional Mərkəzinin əməkdaşları tərəfindən “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirici təlim keçirilib.
Universitet əməkdaşlarının iştirakı ilə keçirilən tədbirin məqsədi təhlükəsizlik vərdişlərinin aşılanması, fövqəladə hallar zamanı düzgün davranış qaydaları barədə məlumatlılığın artırılması olub.
Təlim zamanı FHN-in Sumqayıt Regional Mərkəzinin Maarifləndirmə sektorunun baş məsləhətçisi Elçin Məmmədov fövqəladə halların növləri, yanğın və zəlzələ zamanı davranış qaydaları, təhlükəsizliyin təmin olunması istiqamətində görülməli tədbirlər barədə ətraflı məlumat verib.
Mərkəzin digər əməkdaşı, baş məsləhətçi Kamilla Qədimova dəm qazı təhlükəsi, onun qarşısının alınması yolları və ilkin yardım tədbirləri barədə iştirakçılara zəruri informasiyalar təqdim edib.
Tədbir çərçivəsində yanğın, zəlzələ, habelə mənzildə baş verə biləcək fövqəladə hallarda düzgün davranışla bağlı videoçarx nümayiş olunub. Həmçinin odsöndürücü balonlardan istifadə qaydaları praktik şəkildə izah edilib.
İştirakçılar təlimin vacibliyini vurğulayıb və belə maarifləndirici tədbirlərin davamlı keçirilməsinin əhəmiyyətini qeyd ediblər.
İctimaiyyətlə əlaqələr şöbəsi