BMU-da Elmi Şuranın iclası keçirilib

02 Mart 2021
BMU-da Elmi Şuranın iclası keçirilib

Bakı Mühəndislik Universitetində (BMU) Elmi Şuranın növbəti iclası keçirilib.

BMU-nun rektoru, professor Havar Məmmədov çıxışında ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə olduğu kimi, təhsil sistemində də islahatların yeni mərhələdə davam etdirildiyini vurğulayıb. Dövlət başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın qayğısı ilə son illərdə təhsilin maddi-texniki bazasının gücləndirildiyini, keyfiyyət göstəricilərinin daha da artdığını bildirən rektor, eyni zamanda sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi istiqamətində görülən işlərdən danışıb.

Havar Məmmədov bugünkü iclasda 2020/2021-ci tədris ilinin qış imtahan sessiyasının nəticələri, təhsilin keyfiyyətinin yüksəldilməsi, eləcə də distant  tədrisin təşkili qaydalarının təkmilləşdirilməsi istiqamətində müzakirələrin aparılacağını, müvafiq qərarların qəbul olunacağını bildirib. Distant təhsil ilə  bağlı universitetdə bütün texniki imkanların mövcud olduğunu, bu işin daha da təkmilləşdirildiyini söyləyən rektor tələbələrin qiymətləndirilməsindən də söz açıb və tələbələrlə aparılan işin vacibliyinə toxunub.

BMU-nun Tədris işləri üzrə prorektoru, professor Həmzağa Orucov 2020/2021-ci tədris ilinin qış imtahan sessiyasının nəticələri və təhsilin keyfiyyətinin yüksəldilməsi yolları haqqında təqdimatla çıxış edib. Payız imtahan sessiyasının təşkili, həmçinin imtahanların keçirilməsi və qiymətləndirmə prosesinə toxunan prorektor imtahanlara nəzarət barəsində də məlumat verib. Bildirib ki, imtahan prosesində nəzarəti təmin etmək və imtahan prosesində ortaya çıxan texniki problemlər İnformasiya hesablama mərkəzi, eyni zamanda Distant təhsil və keyfiyyətin təminatı mərkəzi tərəfindən həll edilib.

Prorektor 2020/2021-ci tədris ilinin payız semestrinin qış imtahan sessiyasının uğurla nəticələnməsi barədə Şura iştirakçılarını məlumatlandırıb. Qeyd edib ki, ötən illə müqayisədə pandemiya dövründə müvəffəqiyyət göstərisi xeyli yüksəlib. Belə ki, universitetin müvəffəqiyyət göstəricisi bakalavriat səviyyəsi üzrə 99.04 %, magistratura səviyyəsi üzrə 83.89 %, keyfiyyət göstəricisi isə bakalavriat səviyyəsi üzrə 96.24 %, magistratura səviyyəsi üzrə 76.67 % təşkil edib. H.Orucov imtahan prosesində şəffaflığın təmin olunması, tələbələrinin şikayətlərinin və təkliflərinin vaxtında cavablandırılması məqsədilə BMU-da Apellyasiya komissiyasının və Qaynar xəttin fəaliyyət göstərdiyini, eyni zamanda sessiya müddətində yarana biləcək neqativ halların operativ şəkildə araşdırılması məqsədilə İmtahan qərargahının yaradıldığını diqqətə çatdırıb.

BMU-nun Distant təhsil və keyfiyyətin təminatı mərkəzinin direktoru, dosent Cəmil Məmmədov Distant  tədrisin təşkili qaydalarının təkmilləşdirilməsi barədə danışıb. Təqdimatda dərslərin keçirilməsi, distant təhsilalma formasında universitetdaxili biliyin qiymətləndirilməsi ilə bağlı yeni qaydalarla iştirakçıları tanış edən C.Məmmədov,  həmçinin universitetdə distant tədrisin təşkilinə nəzarət haqqında məlumat verib.

İclasda Elmi Şura üzvlərinin, tədrislə bağlı müvafiq struktur rəhbərlərinin gündəlikdə duran məsələlərlə bağlı fikirləri dinlənilib.

Sonda müzakirə olunan məsələlərlə əlaqədar qərarlar qəbul edilib, struktur rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər