Bakı Mühəndislik Universitetində (BMU) prorektorların təqdimatında “Azərbaycan Rektorlar Konfransının yaradılması - ECAR” adlı Erasmus+ layihəsi ilə bağlı məlumatlandırma tədbiri təşkil edilib.
Toplantı layihə çərçivəsində 30 yanvar-3 fevral tarixlərində Polşa Respublikasının Varşava şəhəri, 27 fevral - 3 mart tarixlərində İsveç Krallığının Stokholm şəhəri və 13-17 mart tarixlərində Litva Respublikasının Vilnüs şəhərinə təşkil olunan səfərlər zamanı keçirilən təlimlərin mövzularına və əldə olunan təcrübənin müzakirəsinə həsr olunub.
Polşa səfəri ilə bağlı çıxış edən BMU-nun maliyyə-təsərrüfat işləri üzrə prorektoru Mikayıl Zeynalov öncə Kozminski və Varşava Həyat Elmləri universitetləri haqda ətraflı məlumat verib. Polşa ali təhsil sisteminə xas fərqli məqamlara toxunan prorektor universitetlərin monitorinq və qiymətləndirmə prosesləri, strateji idarəetmə üzrə akkreditasiya meyarları, strateji inkişaf və keyfiyyət məsələlərinin qarşılıqlı əlaqəliliyi, həmçinin maddi-texniki baza, maliyyə imkanları, büdcənin idarəolunması və s. nüanslarla bağlı təcrübələri diqqətə çatdırıb.
BMU-nun elmi işlər üzrə prorektoru Elçin Süleymanov isə prorektor Mikayıl Zeynalov ilə birgə iştirak etdiyi İsveç səfəri, KTH Kral Texnologiya İnstitutunda “Ali təhsil sisteminin inkişafında rektorlar konfransının rolu” adı altında gerçəkləşdirilən təlimlərin önəmi barədə danışıb.
Sözügedən təhsil müəssisəsinin elmi-tədqiqat imkanları barədə təqdimatla çıxış edən prorektor tədqiqat və innovasiya sistemləri, tədqiqatda keyfiyyət məsələləri, tədqiqatçıların elmi fəaliyyətinə xidmət edən nəşr infrastrukturu, eləcə də İsveç təcrübəsində doktorantura təhsili, doktorantların işə qəbulu kimi istiqamətləri önə çəkib.
BMU-nun tədris işləri üzrə prorektoru, professor Həmzağa Orucov tərbiyə işləri üzrə prorektor Bayram Hüseynzadə ilə birgə qatıldığı təlimlərin həsr olunduğu əsas mövzularla bağlı təqdimatla çıxış edib. Prorektor, eyni zamanda, Mykolas Romeris Universitetində əyani və distant formatda təşkil olunan tədris, universitetin daxili keyfiyyət təminatı, akkreditasiya sistemi, nəticəyə əsaslanan maliyyələşdirmə modeli, tələbə mobilliyinin yüksək səviyyədə qurulması, qəbul proqramlarına bazar tələbatı əsasında müəyyənləşən yeni ixtisasların əlavəsi və s. ilə əlaqədar fikirlərini bölüşüb.
Prorektor Bayram Hüseynzadə isə bütövlükdə Litvanın ali təhsil sistemi, ölkəmizlə müqayisədə oxşar və fərqli cəhətlər, təhsil müəssisələrində akademik heyətin formalaşdırlması üçün əsas meyarlar, pedaqoji heyətin fəaliyyətinin qiymətləndirilməsi, onların peşəkar inkişafı, o cümlədən ali məktəblərdə həyata keçirilən sosial-mədəni tədbirlər, layihələr haqqında mühüm informasiyaları nəzərə çatdırıb.
Tədbirdə sözügedən ölkələrin təcrübəsi ilə bağlı görüş iştirakçılarını maraqlandıran suallar ətraflı cavablandırılıb. Bununla yanaşı, əldə olunan müsbət təcrübələrin tətbiqi üçün atılacaq addımlarla bağlı geniş fikir mübadiləsi aparılıb.
İctimaiyyətlə əlaqələr şöbəsi