Bakı Mühəndislik Universitetində (BMU) bp şirkətinin 2023-cü il üzrə elan etdiyi məzunların işə qəbul, eyni zamanda növbəti təcrübə proqramları ilə bağlı məlumatlandırma tədbiri keçirilib.
Ali təhsil müəssisəsinin sonuncu kurs tələbələri üçün nəzərdə tutulan tədbirdə bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə Erkən karyera üzrə baş məsləhətçisi Xədicə İsmayılova qlobal şirkət olan olan bp-nin yaranma tarixi və hədəfləri barədə məlumat verib.
bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə Logistika Aviasiya Əməliyyatları rəhbəri Anar İskəndərov da şirkətin fəaliyyət istiqamətlərindən söz açaraq qeyd edib ki, iqlimlə bağlı qlobal hədəflərə nail olunmasına dəstək məqsədilə bp fəaliyyətində təmiz enerji üzrə səyləri də gücləndirməkdə davam edir.
Şirkətin Erkən karyera üzrə məsləhətçisi Mehriban Şıxzamanova isə bp-nin 2023-cü il üzrə elan etdiyi proqramlarla bağlı zəruri informasiyaları təqdim edib. O, işə qəbul proqramı üzrə müəyyənləşdirilən tələbləri, yaradılan imkanları, həmçinin proqrama qoşulma qaydalarını nəzərə çatdırıb.
Şirkətin Səngəlçal Terminalının mexanika mühəndisi İsgəndər Əsgərov, SƏTƏM mütəxəssisi Nicat Əlizadə, eyni zamanda BMU-nun Mexanika mühəndisliyi üzrə 2016-cı il məzunu, Səngəçal Terminalının mexanika mühəndisi Ayaz Bilalov da çıxışlarında işə qəbul və təcrübə proqramlarına qoşulmağın faydaları, onların tələbələrin gələcək karyeralarının inkişafındakı roluna toxunublar. Qeyd edilib ki, bp-nin sözügedən proqramları məzunlarda əsas texniki bacarıq, təcrübə və biliklərin əldə edilməsini sürətləndirməklə yanaşı, gələcək əmək fəaliyyətlərində də əhəmiyyətli rol oynayır.
BMU-nun Müəssisələrlə əlaqələr və karyera departamenti tərəfindən təşkil olunan tədbirin sonunda tələbələri maraqlandıran suallar bp mütəxəssisləri tərəfindən cavablandırılıb.
İctimaiyyətlə əlaqələr şöbəsi