BMU-da Azərbaycan Gəncləri Gününə həsr olunan tədbir keçirilib

02 Fevral 2022
BMU-da Azərbaycan Gəncləri Gününə həsr olunan tədbir keçirilib

Bakı Mühəndislik Universitetində (BMU) 2 fevral - Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunan tədbir keçirilib.

BMU-nun Tədris işləri üzrə prorektoru, professor Həmzağa Orucov Gənclər Gününün qeyd edilməsinin ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayıb. Bildirib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan, hazırda cənab Prezident İlham Əliyevin uğurla davam etdirdiyi dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin gələcək inkişafında əvəzsiz rol oynamaqdadır. Prorektor gənclərin problemlərinin həllinə, onların öz qabiliyyətlərinin inkişaf etdirmələrinə, məşğulluqlarının təmin olunmasına, həmçinin xarici ölkələrdə təhsil almalarına xidmət edən müxtəlif fərman və sərəncamları, Dövlət proqramlarını diqqətə çatdırıb. 

H.Orucov 44 günlük Vətən müharibəsinin müstəqillik dönəmində güclü vətənpərvərlik hissinə, milli ruha malik gənc nəslin yetişdiyini sübuta yetirdiyini fikirlərinə əlavə edib.

Prorektor BMU-da dövlət gənclər siyasəti çərçivəsində gənclərin yüksək mənəvi keyfiyyətlərə yiyələnməsi, dövlətə və Vətənə bağlı, bilikli şəxsiyyət kimi yetişməsi üçün müntəzəm olaraq işlərin görüldüyünü bildirib. O, gənc universitet olan BMU-nun tələbə klublarının sayına və tələbə fəaliyyətlərinin müxtəlifliyinə görə ölkəmizin ali təhsil ocaqları arasında ən aparıcı yeri tutduğunu qeyd edib. BMU-nun TGT sədri Ləman Şərifovanın növbəti dəfə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) tərəfindən “İlin Tələbə Gənclər Təşkilatı sədri” seçildiyini deyən prorektor çıxışının sonunda gəncləri təbrik edib və gələcək fəaliyyətlərində onlara uğurlar arzulayıb.

BMU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı, dosent Mayis Əzizov, Pedaqoji fakültənin dekanı, dosent Elşad Abdullayev, Mühəndislik fakültəsinin dekanı, dosent Hüseyn Mirzəyev tədbirin təşkil olunmasını təqdirəlayiq hal kimi qiymətləndirib və gəncləri təbrik edərək onlara ən xoş arzularını çatdırıblar.

Tədbirdə, həmçinin BMU-nun TGT sədri Ləman Şərifova, Pedaqoji fakültənin tələbəsi Vüsalə İmamquliyeva çıxış ediblər.

Sonda universitetin ictimai və sosial həyatındakı səmərəli fəaliyyətinə görə fərqlənən BMU tələbələrinə Fəxri fərmanlar təqdim olunub. 

 

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər