BMU-da AIESEC-in proqramları barədə məlumatlandırıcı tədbir

11 Mart 2022
BMU-da AIESEC-in proqramları barədə məlumatlandırıcı tədbir

Bakı Mühəndislik Universitetində (BMU) AIESEC təşkilatının “Global Talent”, “Global Teacher”“Global Volunteer” təcrübə proqramları haqqında növbəti məlumatlandırıcı tədbir keçirilib.

Tədbiri giriş sözü ilə “AIESEC Azərbaycan” təşkilatının marketinq üzrə lokal komitə sədri, BMU-nun tələbəsi Gülarə Məmmədova təşkilatın yaranma tarixi, təcrübə proqramları barədə ümumi informasiyaları diqqətə çatdırıb.

Sonra AIESEC təşkilatının təcrübə proqramlarında iştirak edən Bakı Dövlət Universitetinin (BDU) tələbəsi  İdris Quliyev, BDU-nun tələbəsi Türkan Ağayeva, BMU-nun tələbəsi Muraz Həsənov çıxış ediblər. Çıxışlarda AIESEC-in fəaliyyət istiqamətlərindən, “Global Teacher”, “Global Talent” təcrübə proqramlarından ətraflı bəhs olunub. Bildirilib ki, “Global Teacher” tələbələrin və gənc məzunların xaricdəki qeyri-hökumət təşkilatlarında, təhsil müəssisələrində, eləcə də beynəlxalq məktəblərdə təcrübə qazanmasını, “Global Talent” isə universitet tələbələri və məzunlarının ixtisaslaşmaq istədikləri sahələrə uyğun olaraq xaricdə peşəkar təcrübə əldə etməsini hədəfləyən proqramdır.

Daha sonra BMU-nun Pedaqoji fakültəsinin Riyaziyyat və informatika müəllimliyi ixtisasının məzunu Nərmin Əliyeva öz təcrübəsini tələbələrlə bölüşüb. Slovakiyada baş tutan “Global Volunteer” təcrübə proqramındakı iştirakından danışan N.Əliyeva vurğulayıb ki, proqrama qoşulmaqla müxtəlif sosial layihələrdə iştirak, öz dil biliyini inkişaf etdirmək, həmçinin beynəlxalq dostlar qazanmaq və digər ölkələrin mədəniyyətləri ilə tanış olmaq imkanı qazanıb.

Tədbir tələbələri maraqlandıran suallar ətrafında müzakirələrlə başa çatıb.

Məlumat üçün bildirək ki, AIESEC dünyanın 126-dan çox ölkəsində fəaliyyət göstərən beynəlxalq gənclər təşkilatıdır və hazırda təşkilatda 44.000-dən artıq aktiv könüllü fəaliyyət göstərir. Yarandığı gündən etibarən 1 milyondan çox gəncin şəxsi inkişafına səbəb olan AIESEC-in əsas məqsədi gənclərin liderlik potensialını aşkara çıxararaq, onların inkişafına töhfə verməkdir. Bundan başqa, AIESEC müxtəlif proqramlar vasitəsilə gənclərə beynəlxalq təcrübə keçmək şansı da yaradır. 2006-cı ildən Azərbaycanda fəaliyyətə başlayan təşkilatın (“AIESEC Azərbaycan”) 200-dən artıq aktiv üzvü var. Fəaliyyətdə olduğu gündən 10.000-dən çox gəncin şəxsi inkişafına töhfə verən təşkilatla BMU yaxından əməkdaşlıq edir.

 

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər