Bakı Mühəndislik Universitetinin (BMU) Elmi işlər üzrə prorektoru, Maliyyə kafedrasının dosenti Elçin Süleymanovun elmi nəşrlərinə Scopus bazasındakı jurnallardakı istinad sayı 100-ü ötüb. Xüsusi vurğulamaq yerinə düşər ki, Scopus bazasındakı istinad sayının 100-dən çox olması ictimai və humanitar elmlərdə Azərbaycanda ən yüksək göstəricilərdən biridir. Bu göstəricilər Azərbaycanla əlaqəli tədqiqatlara elmi ictimaiyyətin diqqətini və marağını nümayiş etdirməkdədir. (https://www.mendeley.com/impact/elchin-suleymanov, https://www.scopus.com/authid/detail.uri?authorId=57170575000)
Qeyd etmək vacibdir ki, müasir dövrdə elmi tədqiqatlar universitet və ölkə elminin əsas göstəricilərindən sayılır. Bu göstəricilər, eyni zamanda, beynəlxalq universitet reytinqləri hesablanarkən ən əhəmiyyətli komponentlərdən biri hesab olunur. Son illərdə Təhsil Nazirliyinin Clarivate Analitics və Scopus kimi məşhur elmmetrik şirkətləri ilə əməkdaşlığının müsbət təsiri olaraq ali təhsil müəssisələrində müasir elmi-tədqiqat işlərinin sayında əhəmiyyətli artımlar olub.
Sevindirici haldır ki, son illərdə Azərbaycan bu sistemdə indekslənən jurnallarda nəşr olunan ciddi elmi məqalələrin sayına görə, Cənubi Qafqazda liderdir. Yeni hədəf məqalə sayı ilə yanaşı, bu məqalələrin daha reytinqli jurnallarda nəşr olunmasıdır. Bu istiqamətdə BMU-da bir sıra uğurlu addımlar atılır. Belə ki, universitet əməkdaşlarına müasir tələblərə cavab verən elmi-tədqiqatlar ortaya çıxarmaları istiqamətində çoxlu təlimlər və dəstək verilir. Bunun nəticəsi olaraq hər il universitetin bu bazalardakı nəşr sayı əvvəlki ilə görə 30-40 % artır. Bununla yanaşı, BMU əməkdaşlarının nəşrlərinin sayı ilə yanaşı, onların keyfiyyət göstəriciləri də artmaqdadır. Elmi nəşrin keyfiyyət göstəricisi elmi jurnalın impakt faktoru və nəşr olunan məqaləyə sonrakı illərdə ciddi elmi jurnallardakı nəşrlərdəki istinad saylarıdır.
Elmi nəşrlərin ən əhəmiyyətli göstəricisi Scopus və Web of Science tərəfindən hesablanan istinad və yüklənmə statistikalarıdır ki, BMU əməkdaşlarının bu göstəricisi da hər gün daha da artır. Bu istiqamətdə BMU-nun prorektoru E.Süleymanov tədqiqatlarından ən çox istifadə edilən müəlliflərdən biridir. Onun 100-ə yaxın elmi nəşri dünyanın məşhur elmi tədqiqat paylaşım portallarından olan Academia.edu, Researchgate.net, Mendeley, Web of Science Thomson Reuters, Growkudos, ORCID ve Scopus şəbəkəsində yer alıb.
2015-ci ildən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (Food and Agriculture Organization of the United Nations, FAO), The Korea Institute for International Economic Policy (KIEP) və World Economic Survey-in eksperti olan BMU prorektorunun məqalələri Renewable and Sustainable Energy Reviews, Economic Modelling, Environmental Science and Pollution Research, Economies, Expert Journal of Economics, International Journal Of Social Sciences And Humanity Studies, Academic Journal of Economic Studies kimi impakt faktorlu jurnallarda nəşr olunub. Bu jurnallardan bəzilərinin impakt faktoru 25-ə yaxındır və bu Azərbaycanda ictimai elmlərdə impakt faktorlu jurnallarda nəşr olunan ən yüksək göstəricilərdəndir.
E.Süleymanovun Citescore impakt faktoru 25 olan Renewable and Sustainable Energy Reviews jurnalında həmmüəllifi olduğu “Transition to renewable energy and sustainable energy development in Azerbaijan” məqaləsinə 2 ildə 46, “Review of energy-growth nexus: A panel analysis for ten Eurasian oil exporting countries” məqaləsinə isə 28 Scopus istinadı qeyd alınıb. Digər məqalələrin də istinad sayı hər gün artmaqdadır.
Ümumilikdə BMU əməkdaşlarının dünya səviyyəli tədqiqat platformalarında nəşrlər və istinad sayları hər il daha da artaraq Azərbaycan elminin inkişafına töhfə verməkdədir.
İctimaiyyətlə əlaqələr şöbəsi