Fevralın 21-də Bakı Mühəndislik Universitetində (BMU) “Smart Tələbə Kartı”nın təqdimat mərasimi keçirilib.
Tədbirdə Təhsil nazirinin müavini İdris İsayev, Mərkəzi Bankın sədrinin birinci müavini Alim Quliyev, BMU-nun rektoru Havar Məmmədov, “Mastercard”ın Türkiyə üzrə vitse-prezidenti və Azərbaycan üzrə ölkə müdiri Erdem Çakar, Korporativ və KOS Satış İdarəsinin baş direktoru Fərid Hidayətzadə, tərəfdaş qurumların rəsmiləri, universitetin müəllim-tələbə heyəti və media nümayəndələri iştirak ediblər.
Açılış nitqi ilə çıxış edən BMU-nun rektoru Havar Məmmədov universitetdə İKT-nin bir çox istiqamətlərdə tətbiq olunduğunu nəzərə çatdırıb. O bildirib ki, “Universitet Elektron Məlumat Sistemi” tətbiqi nəticəsində idarəetmədə şəffaflıq, dəqiqlik, sürətlilik və hesabatlılıq təmin olunub. Tədris prosesində müasir kompüter avadanlıqlarından, elektron resurslardan istifadə edilməkdədir. Rektor görülən işlərin davamı olaraq, təqdim edilən smart tələbə kartlarının elektron universitet sistemini daha da gücləndirəcəyinə inandığını qeyd edib və layihənin bütün tərəfdaşlarına təşəkkürünü bildirib.
Təhsil nazirinin müavini İdris İsayev vurğulayıb ki, smart tələbə kartlarının hazırlanması Azərbaycan Respublikası Prezidentin 2018-ci il 26 sentyabr tarixli 508 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlərin icrası çərçivəsində həyata keçirilir. Nazir müavini bildirib ki, bununla bağlı ali təhsil müəssisələrində mövcud olan tələbə biletinin yeni vahid standartı müəyyən edilib və onun əsasında müasir ödəniş funksionallı tələbə kartları hazırlanaraq tələbələrə təqdim olunur.
Mərkəzi Bankın sədrinin birinci müavini Alim Quliyev bu layihənin müasir ödəniş mədəniyyətinə malik yeni nəslin yetişməsində, ölkədə rəqəmsal ödəniş ekosisteminin inkişafında mühüm dəstək olacağını qeyd edib. O vurğulayıb ki, cəmiyyətin gənc təbəqəsinin ödəniş bazarına daxil olmasına imkan yaratmaqla, ölkədə müasir ödəniş həllərinin tətbiqinin artırılmasına və “nağdsız cəmiyyət”in formalaşdırılmasına doğru daha bir addımın atılmasına nail olmaq mümkündür. Ali təhsil məktəblərinin tələbələrinin bu layihəyə cəlb edilməsi bütövlükdə təhsillə bank sistemi arasında sıx əməkdaşlığa yeni imkanlar yaradacaq.
Tədbirdə çıxış edən “Mastercard”ın Azərbaycan üzrə ölkə müdiri Erdem Çakar Azərbaycanda ölkə miqyasında belə bir layihənin reallaşdırılmasında iştirak etdiklərindən qurur duyduqlarını bildirib və yaradılan məhsulun tələbələrə verəcəyi üstünlüklərindən danışıb.
Korporativ və KOS Satış İdarəsinin baş direktoru Fərid Hidayətzadə isə smart tələbə kartlarının funksionallığı və ödəniş imkanları haqqında məlumat verib.
Sonda smart tələbə kartı barədə təqdimat nümayiş etdirilib və universitetin ən yüksək göstəriciləri olan 20 tələbəsinə smart tələbə kartları təqdim olunub.
Təqdimatda bildirilib ki, smart tələbə kartı vasitəsilə tələbələr təqaüdlərini alacaq, ölkə daxilində və xaricdə həmin kartlarla ödənişlər həyata keçirə biləcəklər. Həmçinin, regionlarda yaşayan valideynlər övladlarına rahatlıqla maliyyə vəsaiti göndərə biləcəklər. Tələbələr smart kartı vasitəsi ilə universitetə, kitabxanaya və oxu zallarına giriş üçün də istifadə edə biləcəklər. Gələcəkdə smart tələbə kartının əhatə imkanlarının daha da genişləndirilməsi, ictimai nəqliyyatda, tələbələr üçün xüsusi endirim kampaniyalarında və digər xidmət sahələrində istifadə olunmasının nəzərdə tutulduğu vurğulanıb.
Qeyd edək ki, layihə Təhsil Nazirliyi, Mərkəzi Bank, “Mastercard” və Kapital Bankın dəstəyi ilə həyata keçirilir.