Bakı Mühəndislik Universitetinin (BMU) Maliyyə kafedrası elmi seminarlar silsiləsindən növbəti tədbir keçirib. Budəfəki seminar “Rəqəmsal maliyyə və Azərbaycanda tətbiqi” mövzusuna həsr olunub.
Tədbiri giriş sözü ilə Maliyyə kafedrasının müdiri Füzuli Əliyev açıb. O, kafedranın daim aktual məsələlərə aid elmi müzakirələr apardığını və seminarlar təşkil etdiyini bildirib: “Bu baxımdan maliyyə texnologiyaları (fintech) də bizim diqqətimizdən kənarda qala bilməzdi”.
Sonra kafedranın professoru Saleh Məmmədov təqdimatla çıxış edib. O, iştirakçılara “Elektron hökumət” sistemi və onun əsas elementi olan rəqəmsal maliyyə haqqında ətraflı məlumat verib. Seminarda elektron maliyyə əməliyyatları, vasitələri, mobil bankinq, e-maliyyənin proqram təminatı və texnologiyası haqqında geniş söhbət açılıb. Azərbaycanda e-maliyyənin sürətlə inkişaf etdiyi, bunun bir nümunəsi olaraq “Asan-finans” sisteminə toxunulub. Bildirilib ki, sistemin məqsədi maliyyə xidməti göstərən qurumların dövlət informasiya ehtiyatları və sistemlərinə elektron çıxış platformasının yaradılmasıdır.
Daha sonra rəqəmsal maliyyənin inkişafına əngəl olan faktorlar, onların aradan qaldırılması yolları, 4-cü sənaye inqilabı və e-maliyyə münasibətləri geniş müzakirə olunub.
Seminarın sonunda iştirakçıların sualları cavablandırılıb.
İctimaiyyətlə əlaqələr şöbəsi