29 noyabr 2020-ci il tarixində Bakı Mühəndislik Universitetinin (BMU) təşkilatçılığı ilə “45-ci ICPC - Universitet Tələbələrinin Beynəlxalq Proqramlaşdırma” müsabiqəsinin regional mərhələsi (XVI Azərbaycan Birinciliyi) onlayn keçiriləcək.
Müsabiqədə Azərbaycanın 18 ali təhsil müəssisəsindən 70-ə yaxın komanda (hər komanda 3 tələbə və komanda rəhbərindən ibarətdir) iştirak edəcək. Müsabiqədə müvəffəqiyyət qazanacaq komandalar 13 dekabrda onlayn təşkil olunacaq “45-ci ICPC - Universitet Tələbələrinin Beynəlxalq Proqramlaşdırma” müsabiqəsinin yarımfinal mərhələsində ölkəmizi təmsil edəcəklər.
Qeyd edək ki, “ICPC - Universitet Tələbələrinin Beynəlxalq Proqramlaşdırma” müsabiqəsi 1977-ci ildən mütəmadi olaraq keçirilir. 44-cü ICPC 2019-2020 statistikasına görə son müsabiqədə 111 ölkənin 3500-ə yaxın ali təhsil müəssisəsindən 60000-ə qədər tələbə iştirak edib. Azərbaycan ali təhsil müəssisələrinin komandaları isə bu müsabiqədə 2005-ci ildən etibarən davamlı şəkildə iştirak edirlər. Regional müsabiqənin baş sponsoru Azərbaycanın aparıcı korporativ bankı PAŞA Bankdır.
QEYD: Müsabiqənin rəsmi saytında 27.11.2020-ci il tarixinə qədər qeydiyyatdan keçmiş komandalara 29 noyabr tarixində səhər 09:00-a qədər e-mail vasitəsilə (komanda üzvlərinin saytda qeydiyyatdan keçdikləri e-mail) müsabiqənin onlayn keçiriləcəyi link, komandanın login və parolu (hər komandaya bir login və parol – sınaq turu və əsas tur üçün eyni login və parol) göndəriləcək.
Müsabiqənin proqramı:
29 noyabr 2020
11:00-11:40 – sınaq turu (onlayn)
12:00-17:00 - əsas tur (onlayn)
İctimaiyyətlə əlaqələr şöbəsi