Bakı Mühəndislik Universitetinə qəbul olan abituriyentlərin nəzərinə!
Bakı Mühəndislik Universitetinə (BMU) qəbul olan abituriyentləri təbrik edir, onlara gələcək təhsillərində müvəffəqiyyətlər arzulayırıq!
Abituriyentlər 28 avqust - 9 sentyabr (saat 18:00-dək) tarixlərində portal.edu.az platformasında qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər. Abituriyentlər qeydiyyat prosesi ilə bağlı məsələləri portal vasitəsilə dəqiqləşdirə bilərlər. Qeydiyyat mərhələsində universitetə gəlməyə ehtiyac yoxdur.
Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.
Aşağıda qeyd olunan sənədlər dərslər başlayandan sonra (16-30 sentyabr tarixlərində) BMU-ya təqdim edilməlidir.
1. Attestatın əsli (kollec və ya ali təhsil müəssisəsinin məzunları üçün həmin təhsil müəssisəsini bitirmələri haqqında diplom və ya arayış)
2. Şəxsiyyət vəsiqəsinin surəti
3. Rəsmi sənədlər üçün çəkilmiş 3x4 ölçüdə rəngli fotoşəkil (2 ədəd)
Qaynar xətt: 012-349-99-55
Təhsil haqqın ödəmə üsulları
- Təhsil haqqının "Milli Ön" ödəmə terminalı vasitəsilə ödənilməsi qaydası
1. Əsas pəncərədən TƏHSİL bölməsini seçin;
2. Açılan pəncərədə Bakı Mühəndislik Universiteti (BMU) seçin;
3. Ad, soyad, ata adı / Fin kod - Bu bölməyə tələbənin məlumatlarını doldurun- fakültə və qrup bölməsinə də tələbənin FİN kodunu yazıb İRƏLİ vurun;
4. Açılan pəncərədə TƏHSİL HAQQI bölməsi yaşıl olmaqla irəli vurun;
5. Açılan pəncərədə Ad soyad məlumatlarınız və universitetin adının düz olmasını yoxlayın;
6. Ödəyəcəyiniz məbləği daxil edin və irəli vurun.
Çeki portala yükləyin və mütləq əslini özünüzdə saxlayın!
- Kapital Bank filiallarındakı terminalı vasitəsilə ödənilməsi qaydası
Ödəmə ardıcıllığı:
1. Kapital Bank - bank xidmətini seçin;
2. Cari hesabın artırılması;
3. Hüquqi şəxslər;
4. FİN kod və universitet vöeni daxil edin (3102154051);
5. Abşeron rayon filialı;
6. Hesab nömrəsi – 38060019440157959123 (ilk hesab) AZN;
7. Digər əsas;
8. Təyinat: Tələbənin FİN kodu;
9. Nağd ödəniş.
Çeki portala yükləyin və mütləq əslini özünüzdə saxlayın!
Təhsil haqqı ödənişindən azad olunan imtiyazlı tələbələr
1. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məcburi köçkün statusu olan Azərbaycan Respublikasının vətəndaşları;
2. Şəhid ailəsi statusunu almış ailənin üzvü;
3. Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və Konstitusiya quruluşunun müdafiəsi zamanı həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən, məhkəmə tərəfindən ölmüş elan edilən və ya əlil olan vətəndaşların övladları;
4. Hər iki valideynini itirmiş və yaxud bir valideyni vəfat etmiş, digər valideyni orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş 23 yaşadək tələbələr;
5. Orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə, habelə 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər;
6. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almış şəxslər;
7. Dövlət, bələdiyyə və özəl peşə təhsilİ müəssisələrində təhsil alan 20 yaşına çatmamış və orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş valideyni olan, aylıq gəliri yaşayış minimumundan aşağı olan şəxslər;
8. Dövlət, bələdiyyə və özəl peşə təhsili müəssisələrində təhsil alan köçürülmə günü ana bətnində olan uşaqlar da daxil olmaqla, uzaqlaşdırma və köçürmə zonalarından köçürülmüş uşaqların və ya 18 yaşınadək yeniyetmələrin, habelə 1986-cı il aprelin 26-dan sonra doğulmuş və Çernobıl AES-də qəzanın nəticələrinin ləğv edilməsinin iştirakçısı olmuş, yaxud Çernobıl qəzası nəticəsində zərər çəkmiş və birbaşa radioaktiv şüalanmaya məruz qalmaq ehtimalı olmuş valideynlərin birindən olan uşaqlar.
Tələbələr təhsil haqqı ödənişindən azad olunmaq üçün ərizə ilə birlikdə aşağıda qeyd olunan sənədlərli komissiyaya təqdim etməlidirlər (imtiyaz barədə sənədlər dövlətə məxsus elektron resurslarda mövcuddursa notarial təsdiqə ehtiyac yoxdur).
I. Məcburi köçkün statusu olan tələbələr:
1. Notarial qaydada təsdiq olunmuş tələbənin özünə aid məcburi köçkünlük vəsiqəsinin (cari ilin sonunadək möhür vurulmuş) surəti;
2. Şəxsiyyət vəsiqəsinin surəti.
II. Şəhid ailəsinin üzvü olan tələbələr:
1. Notarial qaydada təsdiq olunmuş şəhid ailəsi vəsiqəsinin surəti;
2. Notarial qaydada təsdiq olunmuş valideynin ölüm haqqında şəhadətnaməsinin surəti;
3. Notarial qaydada təsdiq olunmuş tələbənin doğum haqqında şəhadətnaməsinin surəti;
4. Şəxsiyyət vəsiqəsinin surəti.
QEYD: 18 yaşı tamam olan abituriyentlər şəhid ailəsinin üzvü kimi müstəqil vəsiqə almalıdır.
III. Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş vətəndaşların övladları:
1. Notarial qaydada təsdiq olunmuş valideynin əlillik vəsiqəsinin surəti (əlilliyin səbəbi yuxarıda göstərildiyi kimi olmalıdır);
2. Notarial qaydada təsdiq olunmuş tələbənin doğum haqqında şəhadətnaməsinin surəti;
3. Şəxsiyyət vəsiqəsinin surəti.
III (a). Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların övladları:
1. Səbəbi göstərilməklə ölüm haqqında şəhadətnamənin surəti (itkin düşənin ölmüş elan edilməsi haqqında məhkəmənin qərarı);
2. Notarial qaydada təsdiq olunmuş tələbənin doğum haqqında şəhadətnaməsinin surəti;
3. Şəxsiyyət vəsiqəsinin surəti.
IV. Hər iki valideynini itirmiş və yaxud bir valideyni vəfat etmiş, o biri valideyni I və II qrup əlil olan abituriyentlər:
1. Notarial qaydada təsdiq olunmuş valideynin ölüm haqqında şəhadətnaməsinin surəti;
2. Notarial qaydada təsdiq olunmuş valideynin əlillik haqqında vəsiqəsinin surəti və əlillik barədə arayış;
3. Notarial qaydada təsdiq olunmuş tələbənin doğum haqqında şəhadətnaməsinin surəti;
4. Şəxsiyyət vəsiqəsinin surəti.
Qeyd: Əlillik barədə təqdim olunan sənədlər müddətlidirsə, tələbəyə imtiyaz həmin müddətə qədər verilir.
V. Müharibə veteranları:
1. Notarial qaydada təsdiq olunmuş Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə verilmiş “Müharibə veteranı” vəsiqəsinin surəti;
2. Şəxsiyyət vəsiqəsinin surəti.