Mühəndislik Fakültəsi
Mühəndislik fakültəsində tədrisin bütün səviyyələrində sənayenin müxtəlif sahələrində çalışacaq mühəndis kadrları hazırlanır. Tədris Azərbaycan və ingilis dillərində aparılır. Fakültə əməkdaşlarının sayı 80 nəfərdən çoxdur ki, onların da 70-dən çoxu professor-müəllim heyətinə aiddir.
Mühəndislik fakültəsində 18 bakalavr, 13 magistr ixtisası və 20 ixtisaslaşma üzrə ümumilikdə 1700-dən çox tələbə təhsil alır. Onların içərisində əcnəbi tələbələr də var.
Fakültənin pedaqoji heyətində öz sahələri üzrə respublikada tanınmış təcrübəli müəllimlərlə yanaşı, gənc, dinamik, ölkəmizdə və xaricdə müxtəlif səviyyələr üzrə təhsil almış və beynəlxalq təcrübə keçmiş işgüzar kadrlar da var.
Fakültə əməkdaşlarının bir qismi təhsil və elmi-tədqiqatla bağlı respublika və beynəlxalq səviyyəli layihələrdə, müxtəlif mübadilə proqramlarında iştirak edib. Bu istiqamətdə işlər dinamik artımla davam etdirilir.
Mühəndislik fakültəsi geniş maddi-texniki bazaya, müasir tələblərə cavab verən elmi-tədqiqat və tədris laboratoriyalarına malikdir. Yüksəkixtisaslı və işgüzar kadr təminatı sayəsində bu imkanlardan istifadə etməklə bacarıqlı mühəndis hazırlığı həyata keçirilir. Fakültə tələbələrinin əksəriyyəti müasir kompüter proqramlarına, proqramlaşdırma üsullarına, informasiya texnologiyalarına, xarici dil bacarıqlarına yiyələnirlər. Buna görə də fakültə məzunlarının iş tapmaq problemi yoxdur. Son kurslarda artıq tələbələrimizin bir qismi dünyanın nüfuzlu universitetlərində təhsilini davam etdirmək üçün, digər qismi isə ölkədəki müxtəlif sənaye sahələrində işləmək üçün təkliflər alırlar.
Fakültənin kafedralarında müasir avadanlıq, cihaz və texnologiyalarla təchiz olunmuş auditoriya və laboratoriyalar vardır. Onlardan Yeni nəsil şəbəkələri, Elektronika və mikroprosessor, Avtomatik nəzarət, Mexanizmlər və maşın dinamikası, Daxiliyanma mühərrikləri və avtomobil, Mexaniki vibrasiya və səs nəzarəti, Təxribatsız sınaq üsulları, Layihələndirmə və adekvat modelləşdirmə, Emal üsulları, Material və metalloqrafiya, Materiallar müqaviməti, Aerodinamika və maye mexanikası, İstilik elmləri və istilik keçiriciliyi, Bərpa olunabilən enerjilər və s. laboratoriyaları xüsusilə qeyd etmək olar.
Kafedraların maddi-texniki bazası ildən-ilə genişləndirilir. Beynəlxalq layihə çərçivəsində 2021-ci ildə Logistika və nəqliyyat texnologiyalar mühəndisliyi kafedrasında yeni ixtisaslaşdırılmış laboratoriya quraşdırılmışdır.
Fakültədə müasir kompüterlərlə təchiz edilmiş kompüter sinifləri tələbələrin istifadəsinə verilib. Auditoriyaların əksəriyyəti elektron lövhə və proyektorla təchiz edilib. Buna görə də bütün fənlər üzrə dərslər müasir informasiya texnologiyalarından istifadə etməklə interaktiv üsullarla keçirilir.
Nəqliyyatda servis (avtomobil nəqliyyatı üzrə) və şərabçılıq ixtisaları üzrə qiyabi təhsil formasında tədris həyata keçirilir. Elektrik və elektronika ixtisası üzrə isə kadr hazırlığı Cənubi Koreya Respublikasının İNHA Universiteti ilə BMU arasında gerçəkləşdirilən ikili diplom proqramı çərçivəsində aparılır.
İxtisaslar və ixtisaslaşmalar
Magistr dərəcəsi səviyyəsi üzrə ixtisaslar:
- 1.Ekologiya mühəndisliyi:
- 2.Energetika mühəndisliyi:
- 3.İnşaat mühəndisliyi:
- 4.Kimya Mühəndisliyi:
- 5.Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi:
- 6.Maşın mühəndisliyi:
- 7.Materiallar mühəndisliyi:
- 8.Mexanika mühəndisliyi:
- 9.Nəqliyyat tikintisi mühəndisliyi:
- 10.Proseslərin avtomatlaşdırılması mühəndisliyi:
- 11.Radiotexnika və telekommunikasiya mühəndisliyi:
- 12.Sənaye mühəndisliyi:
- 13.Nəqliyyatda servis:
- 14.Biznesin təşkili və idarə edilməsi:
Rəhbərlik
Kafedralar
- Bu kafedraya hələ rəhbər təyin olunmayıb.



