Koreya Respublikası (Cənubi) İNHA Universitetinin Qlobal Təhsil Layihəsi Qrupunun nümayəndələri Bakı Mühəndislik Universitetinin (BMU) Kimya mühəndisliyi laboratoriyasında olublar.
Kimya mühəndisliyi kafedrasının müdiri, dosent Yusif Abdullayev nümayəndə heyətinə laboratoriyanın iş prinsipləri, həmçinin burada həyata keçirilən elmi tədqiqatlar haqqında geniş məlumat verib.
Laboratoriya ilə yaxından tanış olan Qlobal Təhsil Layihəsi Qrupunun nümayəndələri burada yaradılan şəraiti yüksək dəyərləndiriblər.
Aparılan fikir mübadiləsi zamanı Koreyalı professorlar BMU-nun Kimya mühəndisliyi kafedrasında həyata keçirilən tədqiqat layihələrinin İNHA Universitetində aparılan elmi araşdırmalara yaxınlığına diqqət çəkiblər. Bildirilib ki, BMU-da İNHA Universiteti Kimya mühəndisliyi professorlarının tədqiqat sahəsinə yaxın istiqamətlər üzrə (“Biokütlənin dəyərli yanacaq prekursorlarına çevrilməsi”, “Karbon dioksidin tutulması və çevrilməsi”, “Elektriksiz üsulla metal səthlərə paslanmaya qarşı örtüklərin çəkilməsi”, “Səthi aktiv maddələrin sintezi və tətbiqi”) işlər aparılır.
Araşdırma istiqamətlərinin oxşarlığı nəzərə alınaraq tədqiqatlar üzərində fəaliyyətlərinin birgə davam etdirilməsi dəstəklənib. İlkin olaraq BMU-nun dosenti Yusif Abdullayevlə İNHA Universitetinin professoru, Qlobal Təhsil Layihəsi Qrupunun dekan müavini Shim Sang Eun tərəfindən “Karbon dioksidin tutulması və biokütlənin çevrilməsi” istiqamətində bərabər tədqiqatların həyata keçirilməsi qərara alınıb.
İctimaiyyətlə əlaqələr şöbəsi