BMU-nun üç tələbəsi “Heydər Əliyev adına təqaüd”ə layiq görülüb

14 Dec 2023
BMU-nun üç tələbəsi “Heydər Əliyev adına təqaüd”ə layiq görülüb

Bakı Mühəndislik Universitetinin (BMU) təhsildə yüksək nailiyyətlər göstərən üç tələbəsi “Heydər Əliyev adına təqaüd”ə layiq görülüb.

Təqaüdə layiq görülən tələbələr-Zəhra Quliyeva (riyaziyyat və informatika müəllimliyi ixtisası), Mais Şabanov (kompüter mühəndisliyi ixtisası) və Murad İbrahimov (BMU-İNHA ikili diplom proqramının informasiya texnologiyaları ixtisası) ilə görüşən BMU-nun rektoru Yaqub Piriyev onları təbrik edib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Ölkəmizdə ali təhsilin  və insan kapitalının inkişafının dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil etdiyini vurğulayan rektor Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ali təhsilin əlçatanlığının artırılması, tələbələrin sosial müdafiəsinin yaxşılaşdırılması, ölkədə yüksəkixtisaslı kadrların hazırlanması, ali təhsildə rəqabət mühitinin formalaşdırılması sahəsində atılan mühüm addımları diqqətə çatdırıb. Yaqub Piriyev bu il ölkə Prezidentinin müvafiq Sərəncamına əsasən, ali təhsil müəssisələrində bakalavriat səviyyəsində təhsil alan, təhsildə yüksək nailiyyətləri olan 100 nəfər tələbə üçün dövlət büdcəsinin vəsaiti hesabına verilən 3000 manat məbləğində “Heydər Əliyev adına təqaüd” təsis edildiyini bildirib. Ulu Öndərin 100 illik yubileyi çərçivəsində təsis olunan təqaüdün gənclərə göstərilən yüksək qayğının təzahürü olduğunu deyən rektor BMU-nun üç tələbəsinin bu yüksək təqaüdə layiq görülməsini müsbət qiymətləndirib.

Tələbələrin gələcək planları ilə maraqlanan, onlarla səmimi söhbət aparan rektor təhsil aldıqları dövrdə yüksək nəticələr göstərən gənclərə bundan sonra da daha səylə çalışmalarını, həmişə dövlətə, Vətənə bağlı olmalarını tövsiyə edib.

Təqaüdə layiq görülən tələbələr çıxış edərək qarşıda duran planlarından bəhs ediblər və onlara dövlət tərəfindən göstərilən yüksək etimadı doğruldacaqlarını bildiriblər.

İctimaiyyətlə əlaqələr şöbəsi

 

More news