Bakı Mühəndislik Universitetinin (BMU) rektoru Yaqub Piriyev Koreya Respublikası (Cənubi) İNHA Universitetinin Qlobal Təhsil Layihəsi Qrupunun nümayəndələri ilə görüşüb.
BMU ilə İNHA Universiteti arasında həyata keçirilən ikili diplom proqramının (İDP) icra vəziyyəti ilə bağlı monitorinqin aparılması məqsədilə ölkəmizdə səfərdə olan nümayəndə heyətini salamlayan rektor proqram üzrə Rəhbər Komitənin Koreyada baş tutan sonuncu iclasında müzakirə olunan mövzuları xatırladıb. Rektor İNHA Universitetinin rektoru Cho Myeong Voo, eləcə də proqram üzrə IV kursu Koreyada davam etdirən tələbələrlə keçirilən görüşlərdə toxunulan məsələlərə də diqqət çəkib.
İkili diplom proqramlarının ixtisas hazırlığında, müasir əmək bazarının tələbələrinə cavab verən yeni nəsil mütəxəssislərin yetişdirilməsində rolunu, üstünlüklərini xüsusi qeyd edən rektor BMU-İNHA İDP üzrə təhsilin keyfiyyətinin yüksəldilməsi üzrə aparılacaq davamlı işləri də vurğulayıb.
Layihə Qrupunun dekanı Min Kyung Jin də İDP-nin önəmindən danışıb, universitetlərarası əməkdaşlığın gücləndirilməsinə göstərdikləri marağı vurğulayıb. Qonaq hazırda İDP çərçivəsində təhsillərinin son kursunu Koreyada davam etdirən azərbaycanlı tələbələrə hər zaman dəstək verməkdən məmnun olduqlarını ifadə edib.
Sonra Monitoqinq Qrupunun digər üzvləri proqrama qəbul olunmuş tələbələrin biliyinin qiymətləndirilməsi üçün BMU-da təşkil olunmuş imtahan, BMU-nun professor-müəllim heyəti ilə aparılan müsahibələrlə bağlı ilkin təəssüratlarını paylaşıblar.
Qeyd edək ki, nümayəndə heyətinin tərkibində Layihə Qrupunun dekanı Min Kyung Jin ilə yanaşı, dekan müavini Shim Sang Eun, İNHA Universitetinin professorları Shin Paik Kyun, Yoon Kvang Sub, Oh Beom-Hoan, Shin Do Hyoung, universitetin əməkdaşları Mun Soo Hvan, Kim Yong Min yer alır.
Görüş qarşılıqlı maraq doğuran müxtəlif məsələlər ətrafında fikir mübadiləsi ilə davam edib.
İctimaiyyətlə əlaqələr şöbəsi