Bakı Mühəndislik Universitetində (BMU) cari tədris ilinin qış imtahan sessiyasına start verilib. Bu il ilk dəfə olaraq rektorun tapşırığına əsasən, imtahan sualları tələbələrə əvvəlcədən təqdim edilir. Tələbələr sualları imtahandan öncə şəxsi kabinetlərinə daxil olaraq əldə edə bilirlər.
Universitetin rektoru Yaqub Piriyev ali təhsil ocağında keçirilən imtahan sessiyasının gedişatı ilə tanış olub. İmtahan otaqlarına, auditoriyalara baxış zamanı sessiyanın müvafiq qaydalara uyğun təşkili, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflıq və obyektivliyin təmin edilməsi məqsədilə hərtərəfli şəraitin yaradıldığı, eləcə də imtahan zallarında bütün zəruri tədbirlərin vaxtında başa çatdırıldığı haqda məlumat verilib.
Bundan başqa, tələbələrin fənlər üzrə imtahanqabağı ballarının Elektron Məlumat Sistemi vasitəsilə avtomatik hesablanması məqsədilə imtahana qədər əldə olunmuş bütün qiymətləndirmə məlumatları, o cümlədən dərsə davamiyyət, semestr daxili fəaliyyətlər, sərbəst iş, laboratoriya işi və kurs işi nəticələri sistemə tam daxil edilib. İmtahanlarda yarana biləcək şikayətlərin dərhal araşdırılması, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflıq və obyektivliyin tam təmin olunması məqsədilə Qərargah və Apelyasiya Komissiyası yaradılıb, eyni zamanda komissiyaya müraciət, imtahan qaydaları tələbələrə ətraflı izah edilib.
İmtahan prosesini yaxından izləyən Yaqub Piriyev tələbələrlə səmimi söhbət edib, imtahanların gedişinə onların münasibəti ilə maraqlanıb. Söhbət zamanı rektor tələbələrin bilik və bacarıqlarının ədalətli və qərəzsiz qiymətləndirilməsi, həmçinin şəffaflığın təmin edilməsi üçün rəhbərlik tərəfindən bütün zəruri addımların atıldığını, sessiyanın daim izlənildiyini, imtahanlara baxışın ictimaiyyət nümayəndələri və tələbələrin valideynləri üçün açıq olduğunu deyib. Bununla yanaşı, imtahan prosesində meydana çıxan hər hansı problemlə əlaqədar nəzarət qrupu nümayəndələrinin dərhal məlumatlandırılmasını tövsiyə edib.
Tələbələrin imtahanların öhdəsindən müvəffəqiyyətlə gələcəklərinə, müsbət və yüksək nəticələr əldə edəcəklərinə inamını bildirən rektor onlara uğurlar arzulayıb.
İmtahanlarda yarana biləcək şikayətlərin dərhal araşdırılmasını təmin etmək məqsədilə yaradılan Qərargah və Apelyasiya Komissiyasının fəaliyyətini də izləyən Yaqub Piriyev imtahan nəzarətçiləri və müəllimlərə müvafiq tapşırıqlarını verib.
Qeyd edək ki, fevralın əvvəlinədək davam edəcək sessiya ərzində ümumilikdə 1437 imtahanın keçirilməsi nəzərdə tutulub.
İctimaiyyətlə əlaqələr şöbəsi