BMU-nun tələbə qəbulu planına yeni ixtisaslar əlavə olunub

13 İyun 2022
BMU-nun tələbə qəbulu planına yeni ixtisaslar əlavə olunub

Bakı Mühəndislik Universitetinin (BMU) 2022/2023-cü tədris ili üçün bakalavr və magistratura səviyyələri üzrə tələbə qəbulu planı təsdiqlənib.

BMU-nun bakalavr pilləsində 25 ixtisas üzrə ümumilikdə 1028 plan yeri ayrılıb. Onlardan 680 yer Azərbaycan bölməsi, 348 yer isə ingilis bölməsi üçün nəzərdə tutulub (https://beu.edu.az/az/page/abituriyent-39/)

Ali təhsil ocağının magistr pilləsində 18 ixtisas və 25 ixtisaslaşma üzrə 174 yer ayrılıb (140 yer Azərbaycan bölməsi, 34 yer ingilis bölməsi).

BMU-nun MBA proqramında isə 6 ixtisaslaşma üzrə 100 yer planlaşdırılıb ki, onlardan 80 yer Azərbaycan, 20 yer isə ingilis bölməsinin payına düşür.

Yeni tədris ilinin qəbul planına bir sıra yeni ixtisaslaşmalar əlavə olunub. Belə ki, növbəti tədris ilindən İqtisadiyyatın tənzimlənməsi, Elektron idarəetmə, Bina və qurğuların memarlığı və Memarlıq mühitinin dizaynı kimi yeni ixtisaslaşmalara magistratura səviyyəsi üzrə tələbə qəbulu aparılacaq.

BMU ilə Cənubi Koreyanın İNHA Universiteti arasında 2020-ci ildən həyata keçirilən birgə ikili diplom proqramı üzrə Elektrik mühəndisliyi, Elektronika mühəndisliyi, İnformasiya texnologiyaları və İnşaat mühəndisliyi ixtisaslarında bakalavr hazırlığı yeni tədris ilində də davam etdiriləcək. 4 il müddətində ingilis dilində həyata keçiriləcək bakalavriat proqramına qeyd olunan ixtisaslar üzrə ümumilikdə 128 nəfərin qəbulu planlaşdırılır. 2 mərhələdən ibarət olan imtahanın 2-ci mərhələsi (müsahibə) İnha Universiteti tərəfindən aparılacaq (https://beu.edu.az/az/page/ikili-diplom-proqrami-185/).

Bakalavr pilləsində ingilis dilli ixtisaslarda müsabiqə Azərbaycan və rus bölmələri üzrə birgə aparılır. Memarlıq və dizayn ixtisasları üzrə qabiliyyət imtahanı nəzərdə tutulmayıb.

 

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər