Bakı Mühəndislik Universitetinin (BMU) 2023/2024-cü tədris ili üçün bakalavr və magistratura səviyyələri üzrə tələbə qəbulu planı təsdiqlənib.
BMU-nun bakalavr pilləsində 30 ixtisas üzrə ümumilikdə 1308 plan yeri ayrılıb. Onlardan 795 yer Azərbaycan bölməsi, 513 yer isə ingilis bölməsi üçün nəzərdə tutulub (https://beu.edu.az/az/page/bakalavr-tehsili-182/).
Universitetin magistratura pilləsində 20 ixtisas və 29 ixtisaslaşma üzrə ayrılan 181 yerdən 151-i Azərbaycan, 30-u ingilis bölməsinin payına düşür.
MBA (Biznesin idarə edilməsi) proqramında isə 13 ixtisaslaşma üzrə 160 yer planlaşdırılıb. Proqram üzrə 140 yer Azərbaycan, 20 yer isə ingilis bölməsi üçün ayrılıb. Ümumilikdə BMU-nun magistratura səviyyəsinə 341 tələbə qəbulu nəzərdə tutulub (https://beu.edu.az/az/page/magistratura-ixtisaslar-159/).
Yeni tədris ilinin qəbul planında bakalavriat səviyyəsi üzrə yeni ixtisaslar sırasında Beynəlxalq ticarət və logistika, Marketinq, Kommunikasiya sistemləri mühəndisliyi, Materiallar mühəndisliyi, Mexatronika və robototexnika mühəndisliyi yer alıb.
Bakalavr pilləsində ingilis dilli ixtisaslarda müsabiqə Azərbaycan və rus bölmələri üzrə birgə aparılır. Memarlıq və dizayn ixtisasları üzrə qabiliyyət imtahanı nəzərdə tutulmayıb.
Qəbul planına magistratura səviyyəsi və MBA üzrə də bir sıra yeni ixtisas və ixtisaslaşmalar əlavə olunub. Belə ki, cari tədris ilindən Dizayn, Maşın mühəndisliyi, Mexanika mühəndisliyi, Nəqliyyat tikintisi mühəndisliyi ixtisaslarına, Dizayn və texniki estetika, Maşınların təmir texnologiyası və servisi, Maye və qazların nəqli avadanlıqları, Avtomobil yolları və aerodromların tikintisi, Körpülər və nəqliyyat qurğularının tikintisi kimi yeni ixtisaslaşmalara magistratura səviyyəsi üzrə tələbə qəbulu aparılacaq.
MBA proqramı üzrə yeni ixtisaslaşmalara gəlincə, Biznesin idarə edilməsi ixtisasına 7 ixtisaslaşma əlavə edilib. Bu sırada Aqrobiznes, Beynəlxalq ticarət, Elektron idarəetmə, İctimaiyyətlə əlaqələr, Maliyyə mühəndisliyi, Təchizat zəncirinin idarə edilməsi, Mühəndislik layihələrinin idarə edilməsi kimi ixtisaslaşmalar yer alır.
BMU ilə Koreya Respublikasının İNHA Universiteti arasında 2020-ci ildən həyata keçirilən birgə ikili diplom proqramı üzrə Elektrik mühəndisliyi, Elektronika mühəndisliyi, İnformasiya texnologiyaları və İnşaat mühəndisliyi ixtisaslarında bakalavr hazırlığı yeni tədris ilində də davam etdiriləcək (http://ddp.beu.edu.az/az). 4 il müddətində ingilis dilində həyata keçiriləcək bakalavriat proqramına qeyd olunan ixtisaslar üzrə ümumilikdə 123 nəfərin (İnformasiya texnologiyaları-35 nəfər, İnşaat mühəndisliyi-25 nəfər, Elektrik mühəndisliyi-28 nəfər, Elektronika mühəndisliyi- 35 nəfər) qəbulu planlaşdırılır. BMU-İNHA İDP-yə qəbul Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən bakalavriat pilləsi üzrə qəbul imtahanlarının nəticələri və İNHA Universiteti tərəfindən keçirilən müsabiqə (daxili imtahan) əsasında aparılır. Proqrama müraciət edənlər 2023-cü ildə DİM-in 1-ci ixtisas qrupu imtahanında iştirak etməli və uğurlu nəticə göstərməli, BMU-İNHA İDP-nin hər ixtisas üzrə müəyyən edilmiş müvafiq keçid balını toplamalı, eyni zamanda İNHA Universitetinin Fizika, Riyaziyyat və İngilis dili üzrə təşkil etdiyi daxili müsabiqədən (yazılı imtahan) uğurla keçməlidirlər.
İctimaiyyətlə əlaqələr şöbəsi