Cari ilin iyul-avqust aylarında Bakı Mühəndislik Universiteti (BMU) ilə Koreya Respublikasının İNHA Universiteti arasında icra olunan ikili diplom proqramının (İDP) əsas komponentlərindən biri kimi professor-müəllim heyəti üçün Koreyada növbəti təlimin keçirilməsi planlaşdırılır. Xatırladaq ki, ilk təlim ötən ilin 11 iyul - 19 avqust tarixlərində baş tutub. 6 həftəlik təlimdə İnformasiya texnologiyaları ixtisası üzrə tədrisi həyata keçirən müəllimlər iştirak edib.
Bu il gerçəkləşdiriləcək növbəti təlim isə İnşaat mühəndisliyi, Elektrik mühəndisliyi və Elektronika mühəndisliyi ixtisasları üzrə tədrisi həyata keçirən müəllimləri əhatə edəcək.
Təlimin məqsədi beynəlxalq təhsil əməkdaşlığı layihəsinə əsasən, BMU-nun professor-müəllim heyəti üçün xüsusi təhsil proqramını təmin etmək, eyni zamanda professor-müəllim heyətinin bilik və bacarıqlarını İNHA Universitetinin təcrübəli professorları vasitəsilə daha da inkişaf etdirərək İDP-nin uğurlu icrasına nail olmaqdır.
Professor-müəllim heyətinin seçim proseduru, təlim xərcləri, təlimdən sonrakı qiymətləndirilmə və digər məsələlərlə daha ətraflı məlumatı linkə keçid alaraq əldə etmək mümkündür.
Qeyd edək ki, BMU və İNHA Universiteti arasında ikili diplom proqramı Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2018-cil tarixli 711 nömrəli Sərəncamı təsdiq edilmiş “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçirilir. BMU-İNHA İDP bakalavriat səviyyəsində mühəndislik ixtisasları (İnformasiya texnologiyaları, İnşaat mühəndisliyi, Elektrik mühəndisliyi və Elektronika mühəndisliyi) istiqaməti üzrə 2020/2021-ci tədris ilindən icra edilməkdədir.
İctimaiyyətlə əlaqələr şöbəsi