BMU-İNHA ikili diplom proqramının tələbəsi Aytac Qocayeva: “İDP gələcəyim üçün uğura gedən önəmli addımdır”

Bakı Mühəndislik Universiteti (BMU) və Cənubi Koreyanın İNHA Universitetinin birgə icra etdiyi BMU-İNHA ikili diplom proqramı (İDP) üzrə məlumatlılığın artırılması məqsədilə proqram tələbələri üzrə müsahibələr təşkil edilir.

2021/2022-ci tədris ili üzrə Elektronika mühəndisliyi ixtisasının I kurs tələbəsi Aytac Qocayeva proqram haqqında təəssüratlarını bölüşüb: “Bu proqramda təhsil alma hüququ qazanmaq mənim üçün mükəmməl şans idi.  BMU-İNHA İDP gələcəyim üçün uğura gedən önəmli addımdır”.

A.Qocayeva proqramda təhsil almasının başlıca səbəbi kimi ingilis dili ilə yanaşı Koreya dilini mükəmməl səviyyədə öyrənmək istəyi və təhsilini 2 diplomla bitirmə şansının olduğunu göstərib. “Düşünürəm ki, hal-hazırda 10 şagirddən 9-nun arzusu xaricdə təhsil almaqdır və bu proqram o arzunu qarşılayır”. Proqramdakı təhsildən olduqca razı olduğunu söyləyən A.Qocayeva ixtisas və dil fənlərinə xüsusi diqqət göstərildiyini deyib. Proqramda dərsləri tədris edən müəllimlərin kifayət qədər savadlı olduğunu dilə gətirən müsahibimiz dərslərin anlaşılmasında müəllimlərin böyük rolunu vurğulayıb.

BMU-nun tədris şəraitinə toxunan A.Qocayeva BMU-İNHA İDP-də dərs keçmə metodlarından, ağıllı lövhəli siniflərdən, laboratoriyaların üstünlük təşkil etməsindən söz açıb.  O, proqramda təhsil aldığı fənlərin onun üçün maraqlı olduğunu bildirib. Ən sevdiyi fənnin isə Fizika olduğunu nəzərə çatdıran  A.Qocayeva Fizika laboratoriyası və oradakı cihazların fənni sevməyinə daha çox kömək etdiyini fikirlərinə əlavə edib: “Əminəm ki, bu proqramda təhsil almaq çox abituriyentin arzusudur. Mən həmin abituriyentlərə demək istərdim ki, çox çalışıb burada təhsil alma şansı qazansınlar. Həqiqətən də BMU-İNHA İDP buna dəyər.”

Proqramla bağlı daha geniş informasiyanı http://ddp.beu.edu.az/az/page/haqqimizda-257/ linkinə daxil olaraq əldə etmək mümkündür.

Proqramla əlaqədar digər tələbələrin təəssüratlarını http://ddp.beu.edu.az/az/page/telebelerimizin-idp-barede-teessuratlari-328/ linkindən izləmək olar.