2020/2021-ci tədris ili ilə bağlı aparılan hazırlıqlar çərçivəsində Bakı Mühəndislik Universitetində (BMU) onlayn tədrisin təşkilinin daha da təkmilləşdirilməsi üçün müvafiq addımlar atılmaqdadır. Bu istiqamətdə görülən işlərdən biri də Google Classroomda dərslərin səmərəli təşkili ilə bağlı keçirilən təlimlərdir.
“Google Classroomda dərslərin açılması” mövzusunda baş tutan budəfəki onlayn təlimdə Pedaqogika kafedrasının müdiri, dosent Cəmil Məmmədov və İqtisadiyyat və idarəetmə fakültəsinin tədris işləri üzrə dekan müavini, i.ü.f.d. Elsevər İbadov müvafiq təqdimatlarla çıxış ediblər.
Universitetin inzibati işçiləri üçün nəzərdə tutulan təlimdə “Google Classroom”da dərslərin açılması, yeni “Classroom”un yaradılması, təqdimatların edilməsi, ekran paylaşımlarının təşkili və s. haqqında geniş məlumatlar verilib.
Təlim iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə davam edib.
Xatırladaq ki, Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq, digər ali təhsil müəssisələrində olduğu kimi BMU-da yeni tədris ilindən dərslər distant formada davam etdiriləcək. Onlayn tədris sahəsində BMU-nun geniş təcrübəyə malik olmasını nəzərə alaraq qeyd etmək vacibdir ki, distant tədrislə bağlı bütün hazırlıqlar yüksək səviyyədə başa çatdırılıb.
İctimaiyyətlə əlaqələr şöbəsi