YAP BMU ərazi ilk partiya təşkilatının hesabat-seçki yığıncağı keçirilib

19 Aprel 2022
YAP BMU ərazi ilk partiya təşkilatının hesabat-seçki yığıncağı keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Bakı Mühəndislik Universiteti (BMU) ərazi ilk təşkilatının hesabat-seçki yığıncağı keçirilib.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra YAP-ın fəaliyyətinə həsr olunan videoçarx nümayiş olunub.

BMU-nun Tərbiyə işləri üzrə prorektoru, YAP BMU ərazi ilk partiya təşkilatının sədri Bayram Hüseynzadə təmsil etdiyi qurumun 5 illik fəaliyyəti ilə bağlı təqdimatla çıxış edib. Ərazi ilk partiya təşkilatının 27 aprel 2017-ci ildə təsis olunduğunu bildirən prorektor ötən illərdə təşkilatın üzvlərinin sayının artdığını vurğulayıb.

Bayram Hüseynzadə ötən dövrdə partiyanın qurucusu, ulu öndər Heydər Əliyev ideyalarının yaşadılması, həmçinin Prezident, YAP-ın sədri cənab İlham Əliyevin rəhbərliyi ilə ölkə həyatının bütün sferalarında əldə olunan nailiyyətlərin geniş təbliğ edilməsi yönündə keçirilən mühüm tədbirləri  nəzərə çatdırıb.

YAP-ın yaradılmasının ildönümlərinə həsr olunmuş təntənəli yubiley mərasimlərində, bələdiyyə, parlament və prezident seçkilərində BMU ərazi ilk partiya təşkilatının üzvlərinin fəal iştirak etdiyini söyləyən Bayram Hüseynzadə tələbələrin maarifləndirilməsi, kreativ və intellektual bacarıqlarının artırılması, dövlətçilik ideyalarına sadiqlik və hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunması, eyni zamanda respublikamızın ictimai-siyasi və sosial-mədəni həyatı ilə bağlı müxtəlif istiqamətlərdə gerçəkləşdirdiyi tədbirləri də ayrıca qeyd edib.  

BMU-nun rektoru, professor Havar Məmmədov partiyanın “91-lər”in müraciəti əsasında 1992-ci il noyabrın 21-də Naxçıvanda ulu öndər Heydər Əliyevin sədrliyi ilə yaradıldığını xatırladıb. Ötən əsrin 90-cı illərində baş verən proseslərdən və  ictimai-siyasi şəraitdən bəhs edən rektor ölkədə anarxiya, özbaşınalıq, vətəndaş müharibəsi təhlükəsi zamanında YAP-ın əsasının qoyulduğunu bildirib.

Havar Məmmədov ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra dövlət müstəqilliyinin möhkəmlənməsindən, ordu quruculuğundan, təhsilin səviyyəsinin yüksəlməsindən və digər sahələrdə göstərdiyi əvəzsiz xidmətlərdən danışıb. Vurğulayıb ki, ölkə Prezidenti cənab İlham Əliyev Ulu Öndərin siyasətini layiqincə davam etdirir və onun rəhbərliyi dövründə qalib dövlətə çevrilən Azərbaycanın qüdrəti və beynəlxalq aləmdə nüfuzu əhəmiyyətli dərəcədə artıb.

Rektor bildirib ki, BMU yarandığı dövrdən qısa müddət ərzində YAP BMU ərazi ilk partiya təşkilatı yaradılıb və fəaliyyət göstərdiyi 5 il müddətində çoxsaylı önəmli tədbirlər həyata keçirib, tələbələrin  maarifləndirilməsində və onların vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində əhəmiyyətli işlər görüb.

YAP-ın bugünkü fəaliyyətinə toxunan YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsindən sonra qısa zaman ərzində Füzuli hava limanın istifadəyə verilməsindən, Zəfər yolunun inşasından, Şuşa mədəni irsinin bərpasından və Qarabağda həyata vəsiqə qazanan digər quruluculuq işlərindən söz açıb.

Son illərdə partiyada aparılan struktur dəyişikliklərini nəzərə çatdıran Abbas Əliyev cari ildə YAP-ın yaranmasının 30 illiyinin qeyd olunacağını fikirlərinə əlavə edib.

Çıxışında Abbas Əliyev YAP BMU ərazi ilk partiya təşkilatının aktiv fəaliyyətini yüksək qiymətləndirib, bundan sonra əməkdaşlığın daha da artacağına əminliyini bildirib.

BMU-nun Tələbə Gənclər Təşkilatının (TGT) sədri Ləman Şərifova çıxışında gənclərə göstərilən diqqət və qayğıdan, həmçinin onların peşəkar kadr kimi yetişdirilməsi və dövlət idarəetməsində irəli çəkilməsindən danışıb. O, uğurla davam etdirilən dövlət gənclər siyasətinin gəncliyin inkişafında əvəzsiz rolunu vurğulayıb və gənclərin partiya sıralarında üstünlük təşkil etdiyini söyləyib.

Sonra gündəlikdə duran məsələlər müzakirə olunub. İclasda ərazi ilk partiya təşkilatının hesabat dövrü ərzində fəaliyyəti qənaətbəxş qiymətləndirilib və təşkilati məsələlərə baxılıb. Bayram Hüseynzadə yenidən BMU YAP ərazi ilk partiya təşkilatının sədri seçilib.

Bayram Hüseynzadə ona göstərilən etimadı layiqincə doğruldacağını bildirib. Təşkilatın qarşısında duran vəzifələr haqqında danışan prorektor ərazi partiya təşkilatının bundan sonra da sistemli və keyfiyyətli fəaliyyət göstərəcəyini vurğulayıb.

Tədbirin sonunda YAP üzvlüyünə yeni müraciət etmiş BMU əməkdaşlarının və tələbələrin bir qisminə üzvlük vəsiqələri təqdim olunub.

 

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər