Bakı Mühəndislik Universitetində (BMU) “İngilis dili bacarıqlarını necə inkişaf etdirmək olar?” mövzusunda peşəkar tərcüməçi Polad Poladovla tələbələrin görüşü təşkil olunub.
Xarici dillər kafedrasının müdiri Nərminə Əliyeva görüşün məqsədini, aktuallığını və mövzunun iştirakçılar üçün əhəmiyyətini vurğulayıb. Qonaq haqqında məlumat verən kafedra müdiri Polad Poladovun ingilis dili üzrə bir sıra dövlət qurumlarında, müxtəlif konfranslarda peşəkar tərcümə xidməti göstərdiyini deyib və onun sərbəst dil öyrənmək təcrübəsinin tələbələr üçün faydalı olacağına əminliyini bildirib.
Sonra Polad Poladov mövzuya dair məruzə ilə çıxış edib. Çıxışda müasir dövrdə dil biliklərinin əmək bazarının başlıca şərtlərindən biri olduğu, bunun üçün gənclər arasında hazırda xarici dil məsələsinə göstərilən böyük maraq qeyd edilib. Məruzəçi xarici dilin yalnız kurslarda deyil, texnologiyanın yaratdığı imkanlar sayəsində sərbəst şəkildə də öyrənilməsinin mümkünlüyündən danışıb. Dil öyrənmə prosesinin hər bir insandan həvəs, yüksək motivasiya, davamlı çalışqanlıq tələb etdiyini söyləyən Polad Poladov xarici dil bacarıqlarının artırılmasında ünsiyyəti, onu həyat tərzinə çevirməyin vacibliyini diqqətə çatdırıb. Eyni zamanda, tələbələrlə öz təcrübəsini, nailiyyətlərini bölüşərək, onlara kitab oxumaqla yanaşı, bədii və sənədli filmlər izləməyi, hətta dostlarla xarici dildə yazışmağı tövsiyə edib.
Tədbirin sonunda mütəxəssis tələbələrin dil öyrənərkən qarşıya çıxan əsas çətinliklərlə bağlı suallarını cavablandırıb.
İctimaiyyətlə əlaqələr şöbəsi