Aprelin 12-də Bakıda ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin maliyyə dəstəyi və Beynəlxalq Miqrasiya Təşkilatının, həmçinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə həyata keçirdiyi “Həssas icmaların dayanıqlılığının gücləndirilməsi” layihəsi çərçivəsində təlim keçirilib. Bakı Mühəndislik Universitetinin Xarici əlaqələr və layihələrin idarə olunması şöbəsinin miqrasiya işləri üzrə mütəxəssisi Kənan Şirəlizadə təlimdə iştirak edib.
Layihə çərçivəsində nəşr olunmuş “TerRa vəsaitlər toplusu: radikallaşmaya icma yanaşması” mövzusu əsasında təşkil olunmuş təlim həmmüəlliflər Maqda Rooze və Holli Yanq tərəfindən radikallaşma və zorakı ekstremizm təhlükəsinə həssas olan fərdlər və ya qruplarla işləyən müxtəlif dövlət qurumlarının əməkdaşlarına potensial və ya mövcud radikallaşma əlamətlərini aşkarlamaq və ona qarşı tədbir görməyə həsr olunub.
Eyni zamanda təlimdə şəxsin radikallaşa biləcəyinin əlamətləri barədə məlumat, belə bir həssas məsələni müzakirə etmək məqsədilə onlarla necə əlaqə qurulması, eləcə də hüquq-mühafizə orqanları və sosial xidmət kimi digər sahələr üzrə peşəkarlarla birgə işləmək haqqında bəhs edilib. Holli Yanq və Maqda Rooze tərəfindən, fəaliyyətləri zamanı radikallaşmaya həssas ola biləcək əhali qrupları ilə ünsiyyətdə olan peşəkarlara faydalı olacaq resurslar, eləcə də problemlərin həll yolları təqdim olunub.
Təlimin məqsədi Dövlət Miqrasiya Xidməti, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Diasporla İş üzrə Dövlət Komitəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi əməkdaşlarının və vətəndaş cəmiyyəti institutlarının nümayəndələrini radikallaşma prosesinə dair məlumatlılığını artırmaq, risk altındakı həssas şəxslərin radikallaşma əlamətlərini tanımağı, radikallaşmış şəxslərin ailə üzvlərinin təcrübəsini bölüşməyi, bu sahədə lazımi biliklərin verilməsidir.
Maraqlı müzakirə şəklində gedən təlimdə xarici ekspertlər iştirakçıların onlara ünvanladığı sualları cavablandırıblar.
Qeyd edək ki, Bakı Mühəndislik Universiteti öz fəaliyyətində təkcə tələbə və müəllimlərin deyil, eyni zamanda inzibati işçilərin də maarifləndirilməsi və peşəkar fəaliyyətinin yaxşılaşdırılması üçün müxtəlif ölkədaxili və ölkəxarici təlim, kurs, ixtisasartırma proqramlarında iştirakını dəstəkləyir və təmin edir.