Bakı Mühəndislik Universitetinin (BMU) Müəssisələrlə əlaqələr və karyera departamentinin təşkilatçılığı ilə “Özgün Yapı Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycandakı filialı tərəfindən “Mühəndislikdə Gələcək, Gələcəkdə Mühəndislik” adlı seminar keçirilib.
Tədbir ali təhsil ocağının Sənaye mühəndisliyi ixtisasında təhsil alan III kurs tələbələri üçün təşkil olunub.
Şirkətin Azərbaycandakı filialının müdiri Alim Şentürk təmsil etdiyi qurumun yaranma tarixi və fəaliyyət sahələri barədə məruzə ilə çıxış edib. Bildirib ki, şirkət 50 ildir Türkiyə iqtisadiyyatının aparıcı sektorlarından biri olan tikinti və inşaat sektorunda keyfiyyətli xidmətləri ilə fəaliyyət göstərir.
A.Şentürk qurumun beynəlxalq bazarda yaratdığı dəyərlər ilə davamlı inkişafını qoruyan, rəqabət gücü ilə seçilən, strateji bir tərəfdaş kimi etibarlı olan, dünyanın öndə gedən şirkətlərindən biri olmağı özünə hədəf seçdiyini diqqətə çatdırıb. Qeyd edib ki, şirkət fəaliyyət göstərdiyi hər bir sahədə (suvarma, bənd, liman, metro, dəmiryolu, magistral yollar, körpü layihələri) ən yaxşıya imza atmağa çalışıb, yerli və beynəlxalq mühitdə uğurlu layihələri ilə gələcəyə doğru irəliləyib.
A.Şentürk çıxışında tələbəlik həyatından, təhsil aldığı universitetlərdə qazandığı biliklərin iş həyatına təsirindən, həmçinin kollektiv iş təcrübəsindən bəhs edib.
Sonra məruzəçi şirkətin sosial şəbəkə hesabında təqdim olunan sualı cavablayan BMU-nun Sənaye mühəndisliyi ixtisasının III kurs tələbəsi Elvin Əsgərova kitab hədiyyə edib.
Seminarın sonunda şirkətin təmsilçiləri - Taleh Mərəyev və Anar Vahubov iş həyatında təcrübə qazanılması və şirkət rəhbərliyinin etimadını doğrultma yolları barədə təqdimatlarla çıxış ediblər.
Tədbir tələbələri maraqlandıran sualların cavablandırılması və qarşılıqlı əməkdaşlıq perspektivlərinin müzakirə olunması ilə sona yetib.
İctimaiyyətlə əlaqələr şöbəsi