Bakı Mühəndislik Universitetinin (BMU) Memarlıq və inşaat fakültəsində "Memarlıq abidələrində arxeoloji tədqiqatlar" mövzusunda tələbələr üçün seminar keçirilib.
Seminarda Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru və "Miras" İctimai Birliyinin sədri Fariz Xəlilli məruzə ilə çıxış edib. Məruzədə Azərbaycanın memarlıq abidələrində aparılan arxeoloji tədqiqatlar, bu tədqiqatların nəticələri və sənədləşdirilməsi haqqında məlumat verilib. Eyni zamanda, Venesiya Xartiyasında tarixi abidə anlayışı, maddi-mədəni irsin tədqiqi, qorunub saxlanılmasında Xartiyanın başlıca tələbləri diqqətə çatdırılıb.
Seminar zamanı tarixi abidələrin konservasiya və bərpasında İtaliya təcrübəsinin öyrənilməsi, tətbiqinin əhəmiyyəti, eyni zamanda, təkcə xalqın maddi-mədəni irsi kimi deyil, ümumbəşəri dəyərlər sistemində öz yerini qoruyub saxlaması üçün bərpa işlərinin ixtisaslaşmış mütəxəssislər tərəfindən aparılmasının vacibliyi önə çəkilib.
Sonda seminar iştirakçılarının sualları cavablandırılıb.
İctimaiyyətlə əlaqələr şöbəsi