“TEKNOFEST” festivalında uğur qazanmış BMU-nun tələbə komandalarının mükafatlandırılması mərasimi keçirilib

07 İyun 2022
“TEKNOFEST” festivalında uğur qazanmış BMU-nun tələbə komandalarının mükafatlandırılması mərasimi keçirilib

Bakı Mühəndislik Universitetində (BMU) “TEKNOFEST Azərbaycan” Aerokosmik və texnologiya festivalında uğur qazanmış BMU-nun tələbə komandalarının üzvlərinin mükafatlandırılması mərasimi təşkil edilib.

Öncə universitetin foyesində komandaların üzvlərinin təqdimatında sərgiyə çıxarılmış texnoloji layihələrə baxış keçirilib.

Tədbirdə çıxış edən BMU-nun rektoru, professor Havar Məmmədov festival barədə ümumi məlumat verib. Bildirib ki, festival 2018-ci ildən etibarən hər il Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyi və Selçuk Bayraktarın rəhbərlik etdiyi “Türkiye Teknoloji Takımı” - T3 Vəqfinin təşkilatçılığı ilə baş tutur. Türkiyədən kənarda ilk “TEKNOFEST”in Azərbaycanda təşkil olunduğunu və bu tarixi hadisənin vacibliyini diqqətə çatdıran rektor festivalın iki qardaş ölkənin - Azərbaycan və Türkiyənin elm, təhsil və texnologiya sahəsində əməkdaşlığını daha da genişləndirərək yeni mərhələyə daşıdığını fikirlərinə əlavə edib.

Havar Məmmədov respublikamızın ali və orta məktəblərinin komandalarının festivala müxtəlif texnoloji layihələrlə qatıldığını deyib və tədbirdəki nailiyyətlərin Azərbaycanda elm, təhsil və texnologiya sahəsində müasir biliklərə, bacarıqlara malik yeni nəslin yetişdiyini bir daha sübut etdiyini bildirib. 

BMU-nun 7 tələbə komandasının (“TexnoMex”, “RED”, “İ.Asimov”, “BÖRÜ”, “Curiosity”, “CabEx”, “Iradus Eko”) öz innovativ layihələri ilə dünyanın ən böyük aviasiya, kosmos və texnologiya festivalı olan “TEKNOFEST”də təmsil olunduğunu və final mərhələsinə yüksəldiyini önə çəkən rektor onlardan “RED” komandasının Robotexnika kateqoriyası üzrə birinci yeri tutaraq qaliblər sırasında qərarlaşdığını bildirib.

BMU-nun komandasına mükafatın Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın festivalda iştirakı zamanı təqdim olunduğunu, bu hadisənin universitetin tələbələri, həmçinin kollektivi tərəfindən böyük qürur və sevinc hissləri ilə qarşılandığını vurğulayan Havar Məmmədov “RED” komandasının Türkiyədə “TEKNOFEST İstanbul -2022” festivalında iştirak etmək imkanı qazandığını söyləyib.

Çıxışının sonunda Havar Məmmədov universitet kollektivi adından qalibləri təbrik edib, həmçinin Prezident cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində festivalın yüksək səviyyədə təşkilinə görə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə dərin minnətdarlığını çatdırıb.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru Rasim Əliquliyev festivalın Azərbaycanın Müstəqillik Gününə həsr olunmasının xüsusi məna kəsb etdiyini söyləyib və müstəqil dövlətimizin son 30 il ərzində işğal altında olan torpaqlarının azad edilməsində, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı nailiyyətlərdə qardaş Türkiyənin ölkəmizə siyasi və mənəvi dəstək verdiyini vurğulayıb.

Qlobal dünyada gedən proseslərin daima dəyişdiyi önə çəkən Rasim Əliquliyev müasir dövrdə texnologiyaların rolundan danışıb və festivalın Azərbaycanda aerokosmik texnologiyalar, müdafiə sənayesi və innovativ sahibkarlıq kimi sahələrin geniş təşviq edilməsi, rəqəmsal bilik və bacarıqlara, innovativ düşüncəyə malik istedadlı gənclərə dəstək göstərilməsi, ölkədə kadr potensialının gücləndirilməsi və milli texnoloji həllərin inkişafı üçün əlverişli zəmin yaratdığını bildirib.

 Azərbaycanın yüksək texnologiyalar sahəsində həm dünyada, həm də regionda dünyanın aparıcı ölkələri sırasında rolunu vurğulayan akademik ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən quruluculuq işlərinin ağıllı texnologiyaların əsasında aparıldığını nəzərə çatdırıb.

AMEA-nın “TEKNOFEST”in aktiv iştirakçılarından biri olduğunu deyən vitse-prezident təmsil etdiyi qurumun elmi-tədqiqat institutlarının sərgilədiyi layihələrin iştirakçıların böyük marağına səbəb olduğunu da qeyd edib.

Akademik ali məktəb tələbələrinin və orta məktəb şagirdlərinin seçilmiş layihələrinin müxtəlif nominasiyalar üzrə yer tutmalarından bəhs edib, final mərhələsində qələbə çalan BMU komandasını AMEA-nın rəhbərliyi adından təbrik edib və bunu böyük nailiyyət kimi qiymətləndirib.

Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov festivalın bitməsinə baxmayaraq onun sevincinin davam etdiyini qeyd edib. Bildirib ki, festivalda təşkil olunan müsabiqələrin əsas məqsədi bacarıqlı gəncləri üzə çıxarmaq, həmçinin onların inkişafına dəstək olmaqdır. “TEKNOFEST”in ilbəil böyüyərək yeni uğurlara və rekordlara imza atdığına toxunan nazir müavini texnologiya sahəsində festivalın dünyanın ən nüfuzlu tədbirlərindən birinə çevrildiyini söyləyib. Nazirlik rəsmisi festivalın Azərbaycan və Türkiyənin arasında dostluq, qardaşlıq və strateji müttəfiqlik əlaqələrinin növbəti təzahürü olduğunu deyib, eyni zamanda iki qardaş ölkənin gələcəyə birgə addımlayacağının mesajı kimi qiymətləndirib.

Festival çərçivəsində 8 texnoloji müsabiqə və 3 beynəlxalq tədbirin baş tutduğunu bildirən nazir müavini bu yarışların pilotsuz uçuş aparatları, peyk modelləşdirilməsi, robototexnika və digər sahələr üzrə gənclərə öz bacarıqlarını göstərməyə imkan verdiyini vurğulayıb.

Samir Məmmədov Prezident cənab İlham Əliyevin qaliblərin təltifetmə mərasimində qeyd etdiyi fikri xatırladaraq “TEKNOFEST”in elm, inkişaf, bilik, texnologiya bayramı olduğunu diqqətə çatdırıb. Bildirib ki, bu bayramın ölkəmizdə böyük ruh yüksəkliyi ilə keçirilməsi və festivala böyük beynəlxalq maraq göstərilməsi Azərbaycanın böyük uğuru idi.

Beynəlxalq tədbirin Azərbaycan üçün nəticələrindən danışan nazirlik rəsmisi Azərbaycan və Türkiyənin hərbi hava qüvvələrinin gücünü bir daha da nümayiş etdirdiyini, elm və texnologiya sahəsində gəncləri özünü sınamağa imkan yaratdığını, onların ideyalarını reallaşdırmağa imkan verdiyini və böyük təcrübə qazandıqlarını söyləyib. Qeyd edib ki, gənclər 6 ay ərzində yeni texnologiyalarla tanış olublar, mentorlarla işləyib və bir-birləri ilə təcrübə mübadiləsi aparıblar, həmçinin sağlam mühitdə rəqabət aparmağı və əzmkar olmağı öyrəniblər.

Çıxışının sonunda nazir müavini gələcəyimizin qurucularından biri olan BMU-nun “RED” komandasını ürəkdən təbrik edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Sonra festivalda uğur qazanmış BMU-nun tələbə komandalarının üzvlərinə Fəxri Fərman və mükafatlar təqdim olunub.

 

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər