Manaş Kozıbayev adına Şimali Qazaxıstan Universitetinin rektoru Yerbol Issakayevin rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Mühəndislik Universitetində (BMU) olub.
Nümayəndə heyətini BMU-da görməkdən məmnunluğunu dilə gətirən rektor Yaqub Piriyev ölkələrimiz arasında əsrlərə söykənən ənənəvi dostluq və qardaşlıq əlaqələrini, Azərbaycan və Qazaxıstan prezidentlərinin rəhbərliyi ilə siyasi-iqtisadi-mədəni əlaqələrin inkişafını xüsusi vurğulayıb. Rektor, eyni zamanda elm və təhsil sahəsində mövcud əməkdaşlığın müsbət nəticələrinə toxunub.
Yaqub Piriyev daha sonra tədrislə tədqiqatı birləşdirən BMU-nun strukturu, həyata keçirdiyi yeniliklər, universitetdə yaradılan müasir laboratoriyalar haqqında geniş məlumat verib. Son illər ali təhsil ocağının beynəlxalq reytinqlərdə irəlilədiyini deyən rektor, habelə xarici universitetlərlə əməkdaşlığın müsbət məqamlarına diqqət çəkib. Qonaqlara BMU ilə Koreya Respublikasının İNHA Universiteti arasında uğurla icra olunan tam dövlət təqaüdlü ikili diplom proqramı və digər mühüm layihələr haqda da zəruri informasiyaları təqdim edən Yaqub Piriyev beynəlxalq təcrübənin ali məktəblərin inkişafında, yüksəkixtisaslı kadr hazırlığında önəmli olduğunu söyləyib.
Şimali Qazaxıstan Universitetinin rektoru Yerbol Issakayev də öz növbəsində Qazaxıstan və Azərbaycan arasında dostluq, qardaşlıq münasibətlərini, bu bağlılığın möhkəmliyini qeyd edib. Həmçinin təhsil sahəsində əməkdaşlıq üçün yeni imkanların mövcudluğunu, bu imkanların genişləndirilməsi və akademik əməkdaşlığın gücləndirilməsini önə çəkib. Rektor Şimali Qazaxıstan vilayətində yeganə çoxsahəli bu ali təhsil müəssisəsinin əsas ixtisasları, kadr potensialı haqqında da geniş danışıb və BMU ilə əməkdaşlığa maraqlı olduqlarını, birgə layihələrin həyata keçirilməsinin mümkünlüyünü bildirib.
Görüş zamanı BMU ilə Şimali Qazaxıstan Universiteti arasında əməkdaşlığın bir sıra istiqamətləri nəzərdən keçirilib, tədris və elmi-tədqiqat fəaliyyətinə marağın artırılması, birgə tədqiqatlar üçün təkliflər hazırlamaq, o cümlədən tələbələr, professor-müəllim heyətinin mübadiləsini həyata keçirməyin əhəmiyyəti ifadə olunub. İnnovativ tədris və idarəetmə üsulları, təhsil proqramları haqqında fikir mübadiləsi ilə davam edən görüşdə iki universitet arasında əməkdaşlığın bəzi detalları dəqiqləşdirilib, həmin istiqamətləri əks etdirən sənədin imzalanmasının mümkünlüyü vurğulanıb.
Görüşdən sonra qonaqlar BMU-nun yeni auditoriyaları, müasir laboratoriyaları, eləcə də Texnoparkı ilə tanış olublar.
İctimaiyyətlə əlaqələr şöbəsi